Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparan “Kəpəz”lə bağlı fakt diqqət çəkir.
Gəncə təmsilçisi səfər matçlarından fərqli olaraq Tovuzdakı qarşılaşmalarda uğurlu təsir bağışlayır.
Cari mövsümdə rəqiblərini Tovuz şəhər stadionunda nominal meydan sahibi qismində 11 dəfə qəbul edən “sarı-qaralar” 4 qələbə qazanıb, 1 oyunda heç-heçə edib.
Səfər görüşlərinin göstəricisi biabırçıdır – 10 oyunda 1 qalibiyyət və 1 bərabərlik.
Sportinfo.az-a açıqlama verən “Kəpəz”in vingeri Camal Cəfərov məlum vəziyyətlə bağlı danışıb:
“Həqiqətən Tovuzda bizə rahatdır. Konkret səbəb deməkdə çətinlik çəkirəm.
Mənə elə gəlir ki, burada oynamağa öyrəşmişik deyə, istədiklərimiz alınır.
Qeyri-adi heç nə etmirik. Səfər matçlarına necə hazırlaşırıqsa, ev oyunlarına da o cür yanaşırıq.
Süni örtük, azarkeş dəstəyi, hava amili – bəlkə də bu kimi amillərə öyrəşdiyimizə görədir”.
Gəncə təmsilçisi Tovuzda keçirdiyi matçlarda “Neftçi”, “Səbail”, “Turan Tovuz” və “Sabah”ı məğlub edib, “Sumqayıt”la bərabərə qalıb.
HƏBİB