AZ

Fizika dərsliklərində bu nüanslar DƏYİŞMƏLİDİR

Fizika, bəzi şagirdlər üçün asan, bəziləri üçün isə çətin bir fəndir.

 

Maraqlıdır ki, fizika dərsliklərində hansı mövzular şagirdlər üçün çətin hesab olunur və əlavə dəyişikliklər nə olmalıdır?

 

AzEdu.az-a açıqlama verən fizika müəllimi Pərvanə Qasımova bildirib ki, dərsliklərdə bəzi mövzular şagirdlər üçün çətin və artıq hesab edilə bilər:

154443

"Məsələn, 7-ci sinif dərsliklərində mövcud iş dəftərləri çox faydalı olsa da, dərs müddətində vaxtın məhdudluğu səbəbindən bu vasitələrdən tam istifadə etmək mümkün olmur. Dərsliklərdə həll tələb edən məsələlərin miqdarı azaldılmalı və əksinə, təcrübələrin sayı artırılmalıdır.

 

8-ci sinif dərslikləri də yenilənməlidir. Xüsusi "istilik tutumunun təyini" və "qərarlaşmış temperatur"la bağlı məsələlər şagirdlərə çətin gəlir. Bu mövzuların təcrübə hissəsini sadə nümunələrlə çoxaldaraq, şagirdlərə daha yaxşı izah edilməsi daha məqsədəuyğundur. Həmçinin, 8-ci sinifdə elektrik və cərəyan mövzuları da şagirdlər üçün bir qədər ağırdır. Bu mövzunun tədrisi 9-cu siniflər üçün daha əlverişlidir".

 

Həmsöhbətimiz bununla yanaşı, 9-cu sinifdə "elektromaqnit induksiya" və "amper qüvvəsinin tətbiqləri" kimi çətin mövzuların olduğunu, eyni zamanda optika bölməsinin də tədrisinin çətin olduğunu vurğulayıb:

 

"Fizikanın daha yaxşı öyrədilməsi üçün laboratoriyaların, ağıllı lövhələrlə təchiz edilməsi vacibdir. Xüsusi proqramlar (məsələn, "phet" kimi süni laboratoriyalar) vasitəsilə şagirdlərin hər mövzunu əyani şəkildə öyrənə biləcəyini düşünürəm. Bu cür yanaşmalarla fizika dərsləri daha əyani və şagirdlər üçün daha anlaşılan olacaq.

 

“Mən Avropa orta məktəblərindən gətirilmiş fizika dərsliyinə baxdım. Bu dərslikdə bizim şagirdlərə əzbərlətdiyimiz uzun düsturlar yerinə, daha çox əyani təcrübələrə yer verilib. Təcrübələrin nəticələri isə şagirdlərin öz qənaətlərinə əsaslanaraq, lazım olan düsturlara gəlmələrini təmin edir.

 

Fizika müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Hər dərsi əyani şəkildə tədris etməyə çalışmalıyıq. Mən dərslərimi şagirdlərə layihə şəklində təcrübələr verərək keçirəm. Şagirdlər evdə araşdırma aparır və topladıqları balı summativ qiymətləndirmədə istifadə edə bilirlər".

Seçilən
13
azedu.az

1Mənbələr