AZ

"Neftçi”nin işi çətindir – Narahatlıq, itkilər, meydan amili

Premyer Liqadan əlini böyük ölçüdə üzən “Neftçi” gözünü ölkə kubokuna dikib.

Titul qazanaraq avrokuboklara vəsiqə qazanmaq şansı bu yolla asan görünür, nəinki çempionat xətti ilə.

Kubokun 1/4-dəki rəqib isə “Kəpəz”dir.

Komandalar arasındakı ilk oyun fevralın 5-də Tovuzda baş tutacaq.

“Neftçi” bütün ümidlərini kuboka bağladığından, məsuliyyət və gərginlik hissi daha çox olacaq. Komandadakılar yaxşı anlayır ki, yarımfinala çıxmamaq faciəyə bərabər tutulacaq. Psixoloji yüklənmə hər bir halda özünü göstərəcək.

Gəncəlilər bu baxımdan rahatdır. Özləri də anlayır ki, mövcud imkanlarla titul qazanmaq olduqca çətin, hətta mümkünsüzdür deyə bilərik.

Əsas məqsəd Premyer Liqada mümkün qədər irəliləməkdir. Odur ki, əzəli rəqibi ilə müqayisədə daha rahat görünəcəklər.

Digər məqam “Kəpəz”in Tovuzda uğurlu təsir bağışlamasıdır. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv cari mövsümdə qazandığı xalların 70 faizini məhz nominal meydan sahibi rolunda əldə edib.

Elə “Neftçi”ni də burada – Tovuzda 4:3 hesabı ilə məğlub etməyi bacarmışdılar. Süni örtükdən məharətlə istifadə edirlər, üstəlik, azsaylı azarkeşlərin dəstəyi hiss olunur.

“Ağ-qaralar”ın heyətindəki itkilər Samir Abasovun işini çətinə salıb. Hücum potensiallı Rafael Quzzo, Dembo Darbo və Rəhman Hacıyev 2025-ci ildəki rəsmi oyunları kənardan izləyiblər. “Kəpəz”də bu baxımdan narahatlıq yoxdur, hamı bir nəfər kimi oyuna hazırlaşır.

Bir sözlə, indiki məqamda ortaya çıxan faktlar qərblilərin matçın favoriti olmasından xəbər verir. “Neftçi” bir halda cavab oyunu öncəsi üstünlük yarada bilər – hədsiz istək və ayrı-ayrı oyunçuların təcrübəsi hesabına.

Fevralın 5-də Tovuz şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 16:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr