Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyan edib ki, müstəqil Fələstin dövləti qurulmadan Krallığın İsraillə əlaqələr qurması mümkün deyil, bu məsələdə dövlətin mövqeyi dəyişməzdir.
Hafta.az-ın yazdığına görə, açıqlamada, Şahzadə Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanının "paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması üçün səylə çalışmasını dayandırmayacağını və bunsuz İsraillə diplomatik əlaqələr qurmayacağını" vurğuladığı bildirilib.
Bəyanatda vurğulanır ki, Səudiyyə Ərəbistanı İsrailin məskunlaşma siyasəti, Fələstin torpaqlarının ilhaqı və ya Fələstin xalqını öz torpaqlarından qovmaq səyləri vasitəsilə Fələstin xalqının qanuni hüquqlarına dair hər hansı güzəşti qəti şəkildə rədd edir. “Bu gün beynəlxalq ictimaiyyətin vəzifəsi Fələstin xalqının çəkdiyi ağır bəşəri iztirabları yüngülləşdirməyə çalışmaqdır. Onlar öz torpaqlarını qorumağa davam edəcək və onu tərk etməyəcəklər”, - bildirilir.
Bəyanatda Krallığın "bu qəti mövqenin danışıqlara və ya təklifə tabe olmadığı, Fələstin xalqının beynəlxalq qərarlara uyğun şəkildə qanuni hüquqlarını əldə etmədikcə davamlı və ədalətli sülhə nail ola bilməyəcəyi, bunun ABŞ-ın həm əvvəlki, həm də indiki administrasiyasına aydın şəkildə çatdırıldığı" vurğulanıb.