AZ

Ermənistan-Gürcüstan bağları: dünən, bu gün, sabah... - VI YAZI

Ermənistan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələr tarixi baxımdan müəyyən bir təcrübə və özlərinəxas gələnəyə malikdir. Güney Qafqazdakı türk-müsəlman respublikası Azərbaycanın bu iki xristian qonşusunun coğrafi, dini yaxınlığı, tarixi təmasları və bəzi oxşar etno-mədəni özəllikləri onların ədəbi-mədəni sahədə qarşılıqlı təsirinə zəmin yaradıb.

Mədəniyyət və sivilizasiya ocağı olan Qafqazın, tarixən müxtəlif mədəniyyətlər və dinlərin təsiri altında olduğu bəllidir və ermənilərlə gürcülər də bu təsir altında formalaşıb. Özəlliklə, XIX yüzildə, hər iki xalqın tərcümə ədəbiyyatı vasitəsilə Doğu və Batı mədəniyyət(lər)ini öyrənməsi onların bağlarının dərinləşməsində önəmli rol oynayıb. Gürcü monastırlarının Ermənistan yazı mədəniyyətinə təsiri və əksinə, “erməni əlyazmaları”nın gürcü ədəbiyyatında yer alması, bu qarşılıqlı təsirin bir göstəricisi sayılır.

Hər iki xalqın tərcüməçiləri zaman-zaman fars, yunan, Roma və Bizans qaynaqlarından təsirlənərək öz ədəbiyyatlarına müəyyən yeniliklər qatıb. Tərcümə əsərləri vasitəsilə hər iki xalq bir-birinin ədəbiyyatını daha yaxından öyrənə bilib.

Özəlliklə XIX-XX yüzillərdə, Tiflis ədəbi-mədəni mərkəz olaraq hər iki xalqın yazıçı və şairlərinin bir araya gəldiyi, fikir alış-verişi apardığı önəmli məkanlardan biri olub.

Gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin (შოთა რუსთაველი; 1172, Rustavi – 1216, Qüds, Əyyubilər xanədanı) ünlü “Pələng dərisi geymiş pəhlavan” əsərinin erməni ədəbi dairələrinə təsiri olub.

Erməni yazıçıları Hovannes Tumanyan (Հովհաննես Թումանյան; 19.02.1869, Dsex, Loru-Borçalı, Allahverdi – 23.03.1923, Moskva) və Aksel Bakunts (Aleksandr Stepani Tevosyan; Ակսել Բակունց; 13.06.1899 – 08.07.1937) kimi ədiblərin əsərləri gürcü ədəbi dairələrində daha çox diqqət görüb.

Bəlli olduğu kimi, bəzi akademik ədəbi çevrələrdə Şota Rustavelinin dahi Azərbaycan şairi Nizami Gəncəvidən təsirləndiyi vurğulanır; eyni zamanda, ermənilər Nizami Gəncəvinin irsindən, əsərlərindən (örnəyi, “Fərhad və Şirin”) özlərinə “pay” çıxarmağa çalışır... Erməni yalanı, plagiatı yalnız Nizami Gəncəvi irsinə münasibətdə, yalnız ədəbiyyatda deyil, ümumən Azərbaycan mədəni irsinə münasibətdə özünü həmişə göstərib. Bəs kim iddia edər ki, yalana, kopyalamağa aşina bir topluluq, onlara bizdən bir köynək daha yaxın olan gürcülərdən də nələrisə “oğurlamayıb”?..

Ritorik sualımız öz yerində və cavabında qalsın, indi isə digər məsələlərə toxunaq:

Gürcü kilsə memarlığının bəzi elementlərinin erməni memarlıq üslublarına təsir göstərdiyi bilinən mövzudur. Eyni zamanda, erməni daş heykəltəraşlıq gələnəyi gürcü sənətkarlarının diqqətindən qıraqda qalmayıb. Əlbəttə, Ermənistan Respublikası ərazisindəki qədim daş abidələrin mütləq əksəriyyəti (o cümlədən qəbirüstü qoç abidələri) türk mədəniyyətinin izlərini daşımaqdadır. – Yəni həm bu, həm digər əməli sənət sahələrində (daha çox kulinariya sahəsində) ermənilərin özgələşdirməyə (erməniləşdirməyə) çalışdığı bir çox hadisələr, gürcülərə öz olaraq yox, özgələşmiş şəkli ilə çatmış ola bilər. Gürcüstanın xas insanlarının, örnəyi, “Armyanski lavaş”, “Armyanski xalva”, “Armyanski dolma” abuq-sabuqluğuna biganə qalmaması lazım...

Qafqaz xalqlarının musiqi gələnəkləri də bir-birinə təsir edib, bu, özünü özəlliklə xalq musiqisi və dini melodiyalar sahəsində daha qabarıq göstərib.

Sovet dönəmində Ermənistan və Gürcüstan teatrları, kinostudiyaları arasında sıx işbirliyi olub. Bu işbirliyi erməni-gürcü mədəniyyət təsərrüfatlarını daha da yaxınlaşdırıb. “Gürcüstan-film (“ქართული ფილმი“), habelə, keçmiş SSRİ dönəmində “Len-filim” (“Ленфильм”), “Mos-film” (“Мосфильм”) və b. kinostudiyalarda çəkilmiş gürcü filmlərində erməni rejissorları, aktyorları iştirak edib, rol alıb. Erməni rejissoru, aktyoru olan filmlərdə, illa bir ideoloji-mədəni maxinasiya, qondarmaçılıq olmayıbmı, sizcə?..

Çağdaş dönəmdə Ermənistan və Gürcüstan yazıçıları arasında işbirliyi davam edir. Birgə festivallar, kitab sərgiləri və mədəni tədbirlər erməni-gürcü ədəbi-mədəni bağlarını gücləndirir; lakin siyasi və bölgəsəl problemlərin bu bağlara bəzi mənfi təsirləri olduğunu da deməliyik.

Əlbəttə, kimin kiminlə ədəbi-mədəni bağlar qurması, belə bağları gücləndirməsi yaxud zəiflətməsi bizim işimiz deyil; bununla belə, o alış-verişdə bizim çıxarlarımıza tərs düşən nəsnələr varsa, biganə qalmağımız gözlənilməsin gərək. Əgər Gürcüstanda nəşr olunan, sərgilənən yaxud daimi ekspozisiyalarda nümayiş olunan erməni nəşrlərində və s. anti-Azərbaycan, anti-Türk, anti-İslam məzmunu varsa, heç kəs qüsura baxmasın, bunun bir bəraəti yoxdur, sağlam açıqlaması da ola bilməz. Gürcüstana yaraşan, yorğun qazı misalında olduğu kimi, “düz deyirsiz”, “siz də düz deyirsiz” yatışdırma formulunda davranmaq deyil, doğru-dürüst olana meydan tanımaqdır. Gürcülər də, biz də Qafqazlıyıq, Qafqazlı xarakterimiz var, bir-birimizi çox yaxşı başa düşməmiz üçün əcdaddan gələn gələnəklərə sahibik.

Azərbaycanla bütün əməli çalışma sahələri üzrə işbirliyi Gürcüstanın çiçəklənməsinə xidmət edib (edir); Ermənistanla hər hansı işbirliyi Gürcüstana nə verib, nə verə bilər?.. – Bu sualın cavabını biz aramamalıyıq. Amma əminəm, o cavab aydın bir mənzərəni ortaya qoyacaqdır. Yoxsa, bizim qonşumuzun iç işlərinə, dış siyasətinə qarışmaq kimi bir dərdimiz yoxdur.  

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 

Əkbər QOŞALI

Seçilən
1
modern.az

1Mənbələr