Rusiya və Azərbaycan arasında münasibətlər getdikcə gərginləşməkdədir. Bir neçə ay öncə mümkünsüz görünənlər baş verir - Azərbaycanda hökumətin nəzarətində olan telekanallarda Rusiyaya qarşı ağır ittihamlar səslənir, Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağrılır.
Dövlət telekanalı olan AZTV Rusiyanı 1990-cı ildə Bakıda insanların üzərinə tanklar göndərməkdə, 1992-ci ildə törədilmiş Xocalı qətliamında ittiham edib, 2020-24-cü ildə Qarabağda məskunlaşmış rus sülhməramlıları isə "xain missiya" adlandırıb.
Elə Azərbaycan hökumətini də son illər Rusiya ilə yaxınlığa görə tənqid edənlər, bu müttəfiqliyə qarşı çıxmalarına məhz bu, onların təbirincə, tarixi xəyanətləri səbəb göstərirdilər.
Bəs, Rusiya Ukraynaya hücum etməzdən öncəki gün Moskva ilə müttəfiqlik razılaşması imzalamış Azərbaycan hökuməti necə oldu ki, Kremlə bu qədər qəzəbləndi?
Bütün narazılıqlar 2024-cü ilin dekabrında AZAL təyyarəsinin vurulması ilə üzə çıxdı. 38 adamın ölümüylə nəticələnmiş qəza təyyarənin Rusiya havadan müdafiə raketiylə vurulmuşdu.
Azərbaycanda Rusiyaya bu qəzaya görə öz günahını etiraf etməsinə dair çağırışlar artmaqdadır. Hətta hökumətə yaxın mediada Rusiya məsuliyyətini boynuna almazsa, beynəlxalq məhkəmələrə müraciət ediləcəyinə işarələr vurulur.
Azərbaycanda qəzəbi artıran Rusiya mediasında peyda olan guya Qazaxıstan hökuməti tərəfindən sızdırıldığı iddia olunan yazılar idi. Guya araşdırma göstərib ki, AZAL təyyarəsinin pilotları qərar veriblər ki, Aktauya ensinlər.
Azərbaycanda bu, qəhrəmanlıqla təyyarədəki insanların yarısını xilas edə bilmiş pilotların ruhuna təhqir hesab olunmaqdan başqa, həm də Rusiyanın günahı mümkün olduqca, öz boynundan atmağa çalışması kimi görülür.
Azərbaycanda hökumət yaxşı başa düşür ki, eynilə Azərbaycanda olduğu kimi Rusiyada da hökumətə yaxın mediada siyasi kursu bəlli edən yazılar yuxarılardan gəlir. Odur ki, belə yazılara görə, Azərbaycan mediasında Kremlə qarşı indiyədək görülməmiş tənqid vüsət aldı.
Azərbaycan hökuməti Rusiyaya qəzəbləndikcə, bəzi sirlər də üzə çıxdı.
AzTV-nin "Həftə" proqramında Putin İkinci Qarabağ müharibəsi zamanı Bakını "dayandırmağa" çalışmaqda, müharibədən sonra Ermənistan rəhbərliyini Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını bəyan etdiyi üçün "gözümçıxdıya" salmaqda ittiham olundu.
Bu teleproqramlar səbəbindən Azərbaycanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Daha sonra isə Azərbaycan da Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb ona Rusiya mediasında yayılan iddialar barədə etirazını bildirdi.
Bütün bunlar baş verməkdə ikən Rusiya Azərbaycanın düşməni Ermənistana, Azərbaycan isə Rusiyanın düşməni Ukraynaya yaxınlıq nümayiş etdirir.
Rusiya ilə münasibtlərin gərgin vaxtında İlham Əliyev Davosda Ukrayna lideri Volodimir Zelensky ilə görüşdü.
Digər tərəfdən isə Ermənistan xarici işlər naziri Mirzoyan və Rusiya XİN başçısı Lavrovla görüşdülər və Lavrov Ermənistanı "Rusyiyanın təbii strateji tərəfdaşı" ifadəsiylə mədh etdi:
"Rusiya Ermənistan xalqı ilə və bizim təbii strateji tərəfdaşımız və müttəfiqimiz olan Ermənistanla qardaşlıq əlaqələrini həmişə yüksək qiymətləndirib və saxlamaqda davam edir. Biz çoxəsrlik dostluq və qonşuluq münasibətlərinin bu ənənələrini möhkəmləndirməkdə və onlara əsaslanmaqda maraqlıyıq", - Lavrov deyib.
Yüz faiz etibar etməsə də, Azərbaycan qorxunc qonşusu Rusiya ilə münasibətlərini hər zaman isti tutmağa çalışıb və iki ölkənin praqmatik münasibətləri qarşılıqlı maraqlara əsaslanıb. Ancaq Azərbaycan ehtiyatı əldən verməyib və suverenliyini qoruyaraq, Qərblə də tərəfdaşlıq edib. Və onun ən yaxın müttəfiqi qonşusu Türkiyədir.
Rusiya üçün Azərbaycan önəmli müttəfiq olsa da, onu özünə tay-bərabər görmür. Ona görə də, Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Digər tərəfdən isə Azərbaycan üçün geri çəkilmək artıq çox gecdir. Ancaq belə görünür ki, Azərbaycan Rusiyanın artıq xeyli zəiflədiyini görür. Ona görə də AZAL təyyarəsinin vurulmasına görə, Rusiyadan etiraf və kompensasiya tələbində çox güman ki, israr edəcək.
Rusiya Cənubi Qafqazda mövcudluğunu saxlamaq istəyirsə, Azərbaycan hökumətiylə hesablaşmalıdır, - BBC Azərbaycancanın sosial media platformalarına trol fabriklərindən və botlardan gələn şərhlərdən anlaşılır ki, Azərbaycanda hökumətin mövqeyi belədir.
Bir trol bunu belə ifadə edir: Azərbaycan çoxdan Rusiyanın təsir dairəsindən çıxıb, sadəcə Rusiya bununla barışmaq istəmir. Hələ ki, bütün bunlar söz oyununa bənzəsə də, Azərbaycanın Rusiyanın təsir dairəsindən tam olaraq çıxıb-çıxmadığını növbəti aylarda və illərdə müşahidə etmək mümkün olacaq.
Videoya Youtube kanalımızda baxın