AFFA-nın bu həftə keçirilən iclasında legionerlər üçün yeni rüsumların məbləği də təsdiqlənib.
İdman.biz bu yeniliyin assosiasiyaya xeyli gəlir gətirə biləcəyini, hansı klubların daha çox xərcə düşmək təhlükəsi ilə üzləşdiyini müəyyənləşdirib.
Qərara əsasən, yeni mövsümdən etibarən hər klub 7 legionerdən hər biri üçün 5000, növbəti 5 əcnəbi üçün 10000 manat ödəməlidir. 13-15-ci gəlmələrin qiyməti 100000-dirsə, 16-cı və daha sonra komandaya qoşulanlar isə 200000 manata başa gələcək.
Düzdür, İcraiyyə Komitəsinin əksər qərarları kimi rüsum məsələsi ilə bağlı da bəzi detallar hələ tam dəqiqləşməyib. Bu məqamlara sonrakı iclaslarda tam aydınlıq gələcək.
Amma həmin detallara varmadan indiki durumu nəzərdən keçirmək olar. Klubların PFL-in rəsmi saytında sifariş olunan futbolçularına və oradakı əcnəbi sayına göz gəzdirək.
Əgər AFFA qərarı bu həftə yox, 1-2 ay əvvəl versəydi və gələn mövsümə deyil, cari çempionata şamil etsəydi nələr olardı? Təbii ki, mövsümün ortasında belə qərar verilməzdi və AFFA da bunu etməyib.
Lakin şərti olaraq bunu mümkün sayaraq klubları gözləyən xərclərə baxaq. Bu günə olan vəziyyətə əsasən ən çox legioner “Zirə”dədir.
Bakı klubu 14 legionerindən 7-si üçün 5000, 5-i üçün 10000, 2-si üçün 100000 ödəməli olardı. Bu, AFFA-ya 285000 qazanc gətirəcəkdi.
100000-i keçən digər klub “Qarabağ”dır. İndiki iştirak ərizəsində 13 legioneri olan Ağdam təmsilçisini 185000 xərc gözləyərdi.
Əcnəbilərinin sayı 8-12 arasında olan digər klublar yeddi oyunçusu üçün 5000, qalanları üçün 10000 ödəmiş olacaqdı. Ən az xərclə “Kəpəz” qurtulmuş olardı.
Hələ bu komandaların qışda və ya daha tez göndərdiyi əcnəbilər olduğundan rəqəmlər daha da artmalı idi. Amma hər şeyi sıfırdan başlayırmış kimi nəzərə alsaq, indiki sifariş vərəqləri ümumilikdə 980000 manat gətirərdi.
Yəni AFFA qərarın qışdan deyil, yaydan qüvvəyə minməsinə görə 1 milyona yaxın vəsait itirəcək.
Yaya qədər çox şey dəyişə biləcəyini düşünmək də olar. Amma bir məsələ də var ki, legionerlərin müəyyən hissəsinin müqaviləsi bir neçə illikdir. Yayda anlaşması başa çatacaq oyunçulardan qurtulmaq imkanı olan klublar digərləri üçün rüsum ödəməkdən qaçmaqda çətinlik çəkəcək.
klublar | futbolçu | legioner | rüsum (min manatla) |
Zirə | 25 | 14 | 285 |
Qarabağ | 24 | 13 | 185 |
Sabah | 24 | 12 | 85 |
Turan Tovuz | 27 | 12 | 85 |
Neftçi | 23 | 10 | 65 |
Araz-Naxçıvan | 27 | 10 | 65 |
Sumqayıt | 23 | 9 | 55 |
Səbail | 24 | 9 | 55 |
Şamaxı | 22 | 9 | 55 |
Kəpəz | 24 | 8 | 45 |
Cəmi | 243 | 106 | 980 |
Qeyd edək ki, hazırda sifariş vərəqlərində adı olan 243 futbolçudan 137-si yerli, 106-sı legionerdir.
Vüqar Xeyrullayev
İdman.biz