Operativ Media "Spinozanın Tanrısı" filminin ssenari müəllifi və baş prodüseri Rəsul Allahverdiyev ilə müsahibəni təqdim edir:
- Salam, Rəsul bəy, dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bildiyim qədərilə Siz idman jurnalisti olmusunuz. Əlbəttə, bu da söz sənətidir. Daha sonra ssenari müəllifliyinə keçmək qərarına necə gəldiniz?
- Bəli, mən idman jurnalisti olmuşam. Bu özü əsas verib ki, yazmaq qabiliyyətimi kəşf edim. Amma arada 15 il ümumiyyətlə yazmamışam. FİFA-nın müxtəlif seminarlarında iştirak etmişəm. Hazırda beynəlxalq səviyyəli idman mütəxəssisiyəm. Beynəlxalq idman fəaliyyətləri qrupunun rəhbəriyəm. Mənim işim əsasən yazmaqla, yaradıcılıqla bağlı olub. Mənə jurnalistika ilə məşğul olduğum vaxtlarda deyilənlər və oxucu rəylərinə əsasən deyə bilərəm ki, pis yazmırdım. 15 il müddətində hər zaman yazmağa geri qayıdacağımı bilirdim. Həyatımda belə bir dönüşün olacağını hiss edirdim. Amma bunun film ssenarisi olacağını təxmin etmirdim. Yekunda belə qismət oldu ki, film ssenarisi yazdım.
- Yaxşı ki, qismət olub. Bəs gəcəkdə ssenarist kimi davam etməyi düşünürsünüz?
- Bəli, gələcəkdə də bu sahədə davam edəcəyik. Hər iş həvəskar şəkildə başlayır. Amma artıq biz bu işi peşəkar səviyyədə görürük. Cavid Təvəkkül kimi görkəmli və dəyərli bir rejissor bizim ssenariyə quruluş verib. Bunun əsasında Pelikan Film Məhdud Məsuliyyətli Cəmiyyətini yaratmışıq. Biz artıq bundan sonra da müxtəlif ssenarilər yazacağıq. Yay və qış filmləri olmaqla ildə ən azı 2 film çəkməyi, audiovizual əsər istehsal edib nümayiş etdirməyi planlaşdırırıq”.
- Bir qədər də yeni filminizlə bağlı suallar vermək istərdim. İlk olaraq “Spinozanın Tanrısı” filmi ilə bağlı sizi təbrik edirəm. Bildiyim qədəri ilə “Spinozanın Tanrısı” Azərbaycanda psixoloji treyler janrında yeni tammetrajlı filmdir. Filmin ssenarisi barədə bizə bir qədər məlumat verə bilərsinizmi?
- İlk olaraq qeyd edim ki, “Spinozanın Tanrısı” “Pelican Film Production” məhsuludur. Film “NetMedia” ilə birlikdə çəkilib. Elə gördüyünüz bu studiya da “NetMedia”nın studiyasıdır. “Spinozanın Tanrısı” filmi mahiyyət etibarilə əslində sevginin, məhəbbətin və gəncliyin filmidir. Amma içindəki psixoloji məqamlar insanları cəsarətli və möhkəm olmağa təşviq edir. Bu filmin indiki nəslin məhəbbət anlayışına nə qədər yaxın olmasını isə zaman göstərəcək. Quruluşçu rejissorumuzun da dediyi kimi, "Füzuli sevgisi", "Füzuli sevgi xətti" bu filmdə var. Filmdə sevgi ilə yanaşı həm də intriqalar mövcuddur. İzləyici “Spinozanın Tanrısı” filmində kəskin psixoloji enişlər və düşüşlər görə biləcək. İnsanın həyatındakı psixoloji məqamların sağlamlığa təsirləri ilə bağlı ciddi nüanslar var. İnsanların həyatda özünə və başqalarına qarşı etdiyi səhvlər, bu səhvlərin psixoloji və fiziki baxımdan onu və qarşı tərəfi hansı səviyyəyə gətirə biləcəyini göstərən çox ciddi məqamlar var. Peşəkar yoldaşların rəyinə əsasən mən ssenariyə güvənirəm. Hazırda filmin montaj işləri davam edir. Görürəm ki, biz nə qədər yaxşı yazmağa çalışmışıqsa, onlar bizdən də yaxşı istehsal etməyə çalışırlar. Çox gözəl bir film ortaya çıxarmağa hazırıq.
- Filmin adı çox maraqlıdır. “Spinozanın Tanrısı” dedikdə ağla ilk yəhudi əsilli filosof Barux Spinoza gəlir. Niyə məhz filmə "Spinozanın Tanrısı" adını qoymaq istədiniz?
- Mən istəyirəm ki, bu adın mahiyyətini tamaşaçı özü açsın. Bu sualın cavabını filmin süjet xətti ilə açılmamış olsa, qarşıdakı günlərdə filmin nümayişi zamanı açıqlasam, daha yaxşı olar. İstəyərəm ki, bu pazlları toplayaraq adın mənasını tamaşaçı özü tapsın.
- İndi bu adı niyə seçdiyiniz daha da maraqlı oldu… Bəs bu filmin ssenarisini yazarkən həyatda kimisə nümunə götürmüsünüz?
- Hər yazıçı və ssenarist mütləq əsərlərini içindən bir şey qataraq yazır. Mən istəsəm də, istəməsəm də məndən ora bir şeylər qarışır. Mənim müşahidələrim bu filmdə əks olunsa da, ümumilikdə bir şəxsdən ilhamlanmamışam. Filmdə daha çox yaşantılar özünü əks etdirib. Fikrimcə, mənim yaşlarımda olan bir ssenarist iki-üç dram yazmaq potensialına sahibdir. Biz həyatımızdakı acı xəttin 1/3-ni istifadə etmişik, qalıb iki hissəsi…
- Rəsul bəy, bəs Azərbaycan xalqı daha çox hansı tip ssenariləri bəyənir və "Spinozanın Tanrısı" o filmlərdəndirmi?
- Filmi nümayiş etdirən şirkətlərlə danışıqlar zamanı da biz bu haqda geniş fikir müzakilər apardıq. Mən hesab edirəm ki, hər filmin özünün tamaşaçısı var. Son zamanlar Azərbaycan kinoları arasında komediya janrı üstünlük təşkil edir. Amma inanmıram ki, Azərbaycan vətəndaşı həyatdan, reallıqlardan bəhs edən dram janrından olan bir filmi izləməsin. Bununla bağlı ciddi problemimiz olacağını düşünmürəm. Biz məhz həmin insanları kino izləməyə cəlb etmək üçün çalışmalıyıq. Bu film o cəhdlərdən biridir. O tamaşaçıları tapana və kinoteatrlara qaytarana qədər biz çalışmağa davam etməliyik. Bu film və bundan sonrakı filmlər bu yolda atılacaq addımlardır. Demirəm, hər zaman dram çəkəcəyik, amma ciddi xarakterli filmlərə üstünlük verəcəyik.
- Sizin fikrinizcə, “Spinozanın Tanrısı” filmini izləyən tamaşaçılar kinoteatrdan hansı hisslərlə çıxacaqlar?
- Bu filmi izləyən tamaşaçı kinoteatrdan möhkəmlənmiş şəkildə çıxacaq. Özlərində mütləq bir çox yeni şey kəşf edəcəklər. “Spinozanın Tanrısı” insana daha cəsarətli olmağı, daha real yaşamağı kömək edəcək.
- Səbirsizliklə bu filmi izləməyi gözləyirəm. Rəsul bəy, bir filmin ssenarisi qədər onun aktyor heyəti də önəmlidir. Sizin yazdığınız obrazları aktyorlar istədiyiniz kimi canlandıra biliblər?
- Mən bu filmin yazılma mərhələsində quruluşçu rejissorla yan-yana işləmişəm. Düşünürəm ki, bundan sonrakı filmlərdə də bu təcrübəni davam etdirəcəyəm. Çünki biz quruluşçu rejissorla filmi yazarkən obrazları həmişə müzakirələr etmişik. Hansı obrazı hansı aktyora həvalə etmək olar? Hər zaman müzakirələr aparırdıq.
İlk olaraq deyim ki, mən özüm də tamaşalara mütəmadi olaraq getməyə səy göstərirəm. Uzun müddət idi ki, ölkə xaricində idim. Amma ölkəyə qayıdandan sonra hər həftəsonu bir tamaşaya gedirəm. Bu tamaşalarda oynayan aktyorlara diqqət edirdim. Hər zaman aktyorların potensialı diqqətimi çəkirdi. Kim hansı rolu oynayar?
Düzdür, buna quruluşçu rejissor qərar verir. Sonda da bu qərarları o qəbul etdi. Amma biz birlikdə bu ssenarini yazarkən bir çox obrazın kimə təklif olunacağını, kastinqə kimlərin dəvət ediləcəyini düşünmüşdük.
Mən aktyorların hamısından çox razıyam. Cavid Təvəkkülün onlara göstərdiyi etimadı layiqincə və artıqlaması ilə doğrultdular. Hər bir aktyor çox gözəl səviyyədə işlərini icra ediblər. Obrazlara həyat veriblər. Onların hər birinə ayrıca təşəkkür edirəm. Tamaşaçılar bu filmi izlədikdən sonra öz alqışları ilə bu təşəkkürü ifadə edəcəklər.
- “Spinozanın Tanrısı” aktyor həyəti ilə tanış olduğumda Azərbaycanın dəyərli aktyorlarının bu filmdə oynaması məni daha da sevindirmişdi. Rəsul bəy, sizə Azərbaycan kinosunun bugünkü günündən bir neçə sual vermək istərdim. Azərbaycanın dünya kinosuna açılması üçün sizcə hansı addımlar atılmalıdır və daha çox hansı tip ssenariləri filmə çevirmək lazımdır?
- Dünya kinomatoqrafiyasını tanımaq üçün xaricdə olmaq şərt deyil. Biz xarici kinoları izləyə bilirik. Ümumiyyətlə, bu sahəni inkişaf etdirmək üçün hər kəs büdcənin çox olmasının vacibliyini vurğulayır. Amma biz az büdcələrlə festivallarda ciddi nəticələr əldə etmiş bir çox filmin olduğunu bilirik. Yaradıcıq hansısa maliyyə sərhədləri ilə sıxışan bir şey deyil. O azaddır. Azərbaycan kinomatoqrafiyasında kommersiya tipli dəstək və filmlərin nümayişi baxımından ciddi problemlərimiz mövcuddur. Düzdür, kinoteatrlarımız var, amma bunlar daha çox böyük şəhərlərdədir. Böyük şəhərlər isə Bakı və Gəncədir. Film nümayişi üçün yerlər daha çox olmalıdır. Bu məsələlər aradan qaldırılsa, film çəkilməsi ilə bağlı cəhdlər daha çox olacaq. Cəhdlər çox olanda da mütləq yaxşılar da ortaya çıxır. Film sahəsində işləməyə başladıqdan sonra hiss etdim ki, bu sahəyə atılmaq istəyənlər kino sahəsinə qorxa-qorxa yanaşırlar. Çünki hamının maliyyə potensialı əlçatan deyil. Qorxa-qorxa görülən işlər də lazımi nəticəni verməyəndə, gənclərimiz həvəsdən düşürlər. Düzdür, dövlət istiqamətində dəstəklənən müəyyən layihələr mövcuddur. Həmin layihələr çərçivəsində festivallar və nümayiş üçün filmlər çəkilir. Amma bu yetərli deyil. Mütləq şəkildə bunun bir kommersiya yönü olmalıdır. Dünya kinosunda filmin satılma və izlənmə potensialını indeksli inkişaf etdirilib. Bizdə bu tam şəkildə oturmayıb. Ona görə kinoya yanaşma həssas və cəssarətsizdir.
- Siz dediniz ki, qorxa-qorxa görülən işlər lazımi nəticəni verməyəndə, gənclərimiz həvəsdən düşürlər. Bəs bu sahəyə yeni atılmaq istəyən gənclərə nə tövsiyyə etmək istərdiniz?
- Gənclər ilk olaraq yazmaqdan qorxmasınlar. Bu filmin ssenarisini yazdığım üçün demirəm, mənim üçün ilk olaraq filmin hekayəsi gəlir. Filmdə bir hekayədir. Onu yaxşı danışanda izləyici izləyir. Və onu yaxşı danışmaq üçün, yaxşı ssenari olmalıdır. Son zamanlar ssenarilər süni intellektlə də yazılır. Süni intellektin gələcəkdə kinomatoqrafiyada təsirləri olacaq. Amma hər zaman yaradıcılıq və təbiilik qorunacaq. Bu konkret hisslər və duyğularla bağlı məsələlərdir. İncə detalları tapa bilmək üçün gənclər daha çox yazmalıdırlar.
- Ölkəmizdə kino sahəsini necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycan kino sahəsində yaxşı işlər ortaya qoymağa çalışır. Janrlar üzrə hamısını maraqla izləyirəm. Bəzən tənqid olunacağını bilə-bilə tərs janrlar seçən cəsarətli insanlar da görürük. Mən onları da öz payıma alqışlayıram. Maraqlı işlər var. Təəssüf ki, bu cür maraqlı işlər öz qiymətini kinoteatrlarda tapa bilmir. Çox maraqlı filmlər var ki, kinoteatrlara böyük ümidlərlə gedir. Amma orada lazımi nəticələri əldə edə bilmirlər. Lakin çox az büdcəli, tamaşaçıya heç nə deməyən, ancaq güldürən layihələr var ki, qazanır və davam etdirilir. Həmin işlər cəmiyyətə nə qədər lazımdır ?... Bax əsas məsələ budur.
- Azərbaycanda kinoteatrla rəğbət varmı?
- Son zamanlar bununla bağlı artım hiss edilir. Mən kinoteatrlara tez-tez gedirəm. Həmişə zallarda adam olur. Əvvəllər hətta kinoya tək baxdığım vaxtlar olub. İndi isə gedəndə görürəm ki, kinoteatrlarda adam var. Filmdən asılı olmayaraq kinoteatra gələn vətəndaşlarımızın sayı artıb. Buna baxmayaraq kinoteatrlarımız daha çox olmaldır. Tovuzda, Qubada, rayonlarımızda yaşayan vətəndaşlarımız üçün də kinoteatr əlçatan olmalıdır. Bizim xalqımızda kinoteatr mədəniyyəti var. Bizim millət daha mədəni millətdir. Bu mədəniyyət qorunur, saxlanılır və bu mədəniyyət itə bilməz. Mən uşaq vaxtı klublarda filmlərə baxdığımı xatırlayıram. Yəni bu mədəniyyət Azərbyacan xalqında sovet dövrü və ondan əvvəlki dövrlərdə də mövcud olub. Əvvəllər kəndlərimizdə də kinoteatrlar var idi, amma indi şəhər tipli regionlarımızda kinoteatrlarımız azdır və ya yoxdur.
- Son olaraq “Spinozanın Tanrısı” illə bağlı nə demək istərdiniz? Film nə vaxt kinoteatrlarda nümayiş ediləcək?
- Fevral ayının 27-də “Spinozanın Tanrısı” filminin qala gecəsi keçiriləcək. “Spinozanın Tanrısı” filmi sizə eksklüziv olaraq deyə bilərəm ki, 28 fevral kinoteatrlarda nümayişə girəcək. İlk olaraq quruluşçu-rejissor Cavid Təvəkkülə təşəkkür etmək istəyirəm ki, mənim ssenarimi bu qədər gözəl çəkib.
Aktyor heyətinin hər birinə - xalq artistimiz Vidadi Həsənov, Əməkdar artist Hüsniyyə Mürvətova, Elşən Rüstəmov, həmçinin gənc və istedadlı aktyorlar Türkan Cəfərli, Lalə Süleymanova, Fidan Bayram və digər bütün heyət üzvlərinə xüsusi təşəkkürümü bildirirəm. Çəkiliş zamanı soyuq hava şəraitinə baxmayaraq, onlar hər biri canla başla çalışdılar. Xüsusilə küçə çəkilişlərimiz çox soyuq vaxtlara düşmüşdü. Amma buna baxmayaraq heç biri çəkilişdən çəkinmədi.
Filmdə bəzi məkanlar var ki, orada çəkiliş aparmaq çox çətindir. Hətta aktyor heyəti bu məkanlarda üşüdülər, xəstələndilər. Film sahəsində çalışan insanların necə fədakar olduqlarını bir daha sübut etdilər. Qışın ortasında ayaqyalın yeriməkdən qorxmadılar. Meşənin ortasında biz qalın geyimlərdə donarkən, onlar nazik geyimlərlə işlərini icra etməkdən çəkinmədilər. Bu, böyük fədakarlıq nümunəsi idi. Bu görüntülər məni daha da motivasiya etdi.
Cavid Təvəkkülə bir daha təşəkkür edirəm ki, təcrübəli incəsənət adamlarının yanında gənc yaradıcı insanlara da şans verib. Həm ssenari müəllifi, həm də baş prodüser olaraq deyə bilərəm ki, iddialı bir film ərsəyə gəlib. Çox rahatlıqla bütün tamaşaçıları bu filmi izləməyə dəvət edirəm.
- Müsahibə üçün çox sağ olun Rəsul bəy, Sizə uğurlar arzulayıram
- Siz sag olun.
Gülcahan Məmmədova - Operativ Media.