AZ

“İslam bankçılığının tətbiqi biznes kreditləri üçün böyük dəstək ola bilər” - QHT sədri

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında biznes kreditləri ilə bağlı mövcud vəziyyəti və bu sahədə islahatların vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycanda biznes kreditlərinin faiz dərəcəsi yüksək, geri qaytarılma müddəti isə qısadır. Eyni zamanda, tətbiq edilən faiz ödənişləri aybaay tələb olunur ki, bu da biznesin inkişafını çətinləşdirir.

 

"İslam bankçılığı çıxış yolu ola bilər"

Ekspert hesab edir ki, İslam bankçılığının tətbiqi bu sahədə mühüm dəyişikliklərə səbəb ola bilər:

"Burada həm faizlərin aşağı olması, həm də şərtlərin sadələşdirilməsi mümkündür. Məsələn, böyük rentabelli bizneslərə daha yüksək, az rentabelli bizneslərə isə daha aşağı faiz tətbiq oluna bilər. Xüsusilə istehsal və emal sektoruna aşağı faizli kreditlərin ayrılması daha məqsədəuyğun olardı."

 

"Kredit müddətləri artırılmalıdır"

Eyyub Kərimli hazırda bankların maksimum üç illik kreditlər təqdim etdiyini və bunun kifayət etmədiyini qeyd edib:

"Daha uzunmüddətli kreditlər verilməlidir, ilkin dövrlərdə faiz ödənişləri dayandırılmalı və ümumi faiz dərəcələri aşağı salınmalıdır. Bunun üçün isə banklarımız daha ucuz maliyyə mənbələri əldə etməlidir. Avropa və digər ölkələrdən aşağı faizlə maliyyə cəlb etmək mümkündür."

QHT sədri əlavə edib ki, kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri də depozitlərə verilən faiz dərəcələri ilə bağlıdır:

"Banklar əhalidən depozit yığaraq onu kreditə yönəldir. Depozit faizləri yüksək olduqda kredit faizləri də artır. Bu balansı düzgün tənzimləmək lazımdır ki, biznes sektorunun inkişafına mane olan problemlər aradan qaldırılsın."

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
28
qht.az

1Mənbələr