AZ

AFFA-nın legioner limitini ləğv etməsinə deputatdan REAKSİYA gəldi: “Tərəfdarı deyiləm və...” 

  Xəbər verildiyi kimi, AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub.

Qərar ölkə ictimaiyyətində ciddi müzakirələr doğurub. Ən müxtəlif mövqelərə rast gəlirik.

Bir sıra mütəxəssislər hesab edir ki, bu, milli futbolumuzun səviyyəsini daha da aşağı salacaq. Çünki futbol klubları gedib Afrikadan atletik cüssəli futbolçular alıb gətirəcəklər, nəticədə yerli futbolçulara diqqət azalacaq, ya da onlar təbii səbəblərdən rəqabətdə uduzacaqlar. Bu isə onsuz da yerlərdə futbola olan marağı öldürəcək. Ancaq fərqli fikirdə olanlar da var.

Futbolla yaxından maraqlanan, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa AFFA-nın qərarını Musavat.com-a açıqlamasında bu cür dəyərləndirib:

“Əslində, bu məsələ ilə geniş şəkildə tanış olmaq lazımdır. Sənədlə ətraflı tanış deyiləm. Ümid edirəm ki, bu sənəd futbolun inkişafına faydalı ola bilər. Yəni mən bütövlükdə legionerlərin tam limitsiz oynamasının tərəfdarı deyiləm və yerli futbolçuların sayının çoxaldılmasının tərəfdarıyam. Çünki bizim kimi ölkələr çempionatlarda böyük hədəflər qoymurlar. Bizim hədəflərimiz bir az kiçik hədəflərdir. Məsələn, hansısa bir qrupda qalmaq, hansısa bir qrupda xal yığmaq hədəfləri. Bu, sonrakı dövrün işidir. Ona görə də biz strategiyanı daha çox uşaq futbolu üzərinə yönəltməliyik ki, 5-10 il sonra futbolun inkişafının nəticələri burada özünü göstərə bilsin. Amma burada əcnəbilərə rüsum qoyulması, yerli futbolçulara bonus ödənilməsi elə bir şəkildə təşkil olunmalıdır ki, hamı bonusa görə yerli futbolçular oynatmağa üstünlük versin, onların yetişmələrinə şərait yaratsınlar.

Məsələnin mahiyyəti budur. Eyni zamanda, çempionatımıza keyfiyyətli oyunçuların gəlməsini təmin etmək üçün çempionatın səviyyəsi qalxmalıdır. Bu səviyyənin qalxması isə elə-belə asanlıqla başa gəlmir. Burada digər sosial, mədəni komponentlər də önəmli rol oynamalıdır. Bir də futbola iş adamlarının cəlb olunması və onlara təminat verilməsi vacibdir. Bu təminat lazımi səviyyədə olmayanda iş adamı bu sahədən qaçır. Ona görə də biz bu istiqamətdə müəyyən yolların açılmasını və qanunvericiliklə bunun düzgün tənzimlənməsini həyata keçirməliyik ki, futbola sərmayə yatırılsın.

Həmçinin, stadionların dolması üçün azarkeşlərin stimullaşdırılması yolları da eyni qaydada bu strategiyada öz əksini tapmalıdır. Uşaq futboluna xüsusi diqqətin ayrılması çox vacibdir. Keyfiyyətli meydançaların salınması məsələsi da burada çox önəmli şərtlərdən biridir”./ Musavat.com


Seçilən
1
referans.az

1Mənbələr