Tramp İrana qarşı “maksimum təzyiq” kampaniyasını bərpa edib
Fevralın 4-də ABŞ prezidentiDonald Tramp İranın neft ixracına zərbə vurmaq və bu ölkənin nüvə proqramını ləngitmək məqsədilə “maksimum iqtisadi təzyiq” siyasətinin bərpasına dair sənəd imzalayıb.
AzPost bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahunu Ağ evdə qəbul etməzdən əvvəl Tramp ilk prezidentlik dönəmində tətbiq etdiyi siyasətin bərpasına dair prezident memorandumunu imzalayıb.
Memorandum çərçivəsində Maliyyə və Dövlət Departamentlərinə İranın neft ixracını sıfıra endirməyə yönəlmiş kampaniyanın həyata keçirilməsi tapşırılır.
Memorandumu imzalayarkən Tramp bunu çox sərt bir addım kimi xarakterizə edib, lakin, eyni zamanda, İranla razılaşmaya açıq və İran rəhbərliyi ilə danışıqlara hazır olduğunu bildirib.
“Mənim üçün bu çox sadədir: İran nüvə silahına sahib ola bilməz”, –Tramp vurğulayıb. Tehranın nüvə silahına nə qədər yaxın olduğu barədə sualı cavablandırarkən isə “Onlar həddindən artıq yaxındırlar”, – deyə əlavə edib.
Tramp 2018-ci ildə İranın nüvə proqramını məhdudlaşdırmaq qarşılığında sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan beynəlxalq sazişdən (JCPOA) Birləşmiş Ştatların çıxdığını elan edib və 2020-ci ildə İranın əsas generallarından birinin öldürülməsi barədə göstəriş verib.
Tramp İranla razılaşma əldə etmək istəyir
Fevralın 4-də İsrailin baş naziri Netanyahu ilə birgə mətbuat konfransında Tramp İranın sülh və uğur əldə etməsini istədiyini bildirib. O, iranlıları “inanılmaz bir xalq” olaraq tərif edib.
“Mən bunu çox diqqətlə dinləyən İran üçün deyirəm: Mən yaxşı bir razılaşma əldə etmək istərdim. Elə bir razılaşma ki, siz də həyatınıza davam edə biləsiniz”, –Tramp mətbuat konfransında bildirib.
İranın Ali Dini rəhbəri Əli Xamenei ötən həftə sanksiyaların yüngülləşdirilməsi ümidi ilə Tramp administrasiyası ilə danışıqlara başlamağa razılıq verdiyini işarə edib. İranın Strateji İşlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif isə daha əvvəl Trampı rasionallığı seçməyə və nüvə danışıqlarına yenidən başlamağa çağırıb.