AZ

Marşall Munetsi 18 milyon avroya “Vulverhempton”da

Fransanın “Reyms” klubunun mərkəz yarımmüdafiəçisi Marşall Munetsi bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqa təmsilçisi bu transferi 18 milyon avroya rəsmiləşdirib. Zimbabveli futbolçu ilə müqavilə 2028-ci ilin 30 iyununadək nəzərdə tutulub.

Marşall Munetsi “Blu Reyncers”in yetirməsidir. “Ubuntu Keyptaun”, “Baroka”, “Orlando Payrets” kimi klublarda da oynamış yarımmüdafiəçi 2019-cu ildən “Reyms”də çıxış edirdi. 28 yaşlı futbolçu Liqa 1 təmsilçisində 159 oyuna 21 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ilin mart ayında debüt etdiyi Zimbabve yığmasında 23 oyuna 1 qol vurub.

“Reyms”də iki yeni oyunçu

Marşall Munetsini satmış “Reyms” Almaniyanın “Union Berlin” klubunun hücumçusu Cordan Pefoku transfer edib. Liqa 1 təmsilçisi bu transferi 4,5 milyon avroya rəsmiləşdirib. Amerikalı forvardla müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Qeyd edək ki, Cordan Pefok məhz “Reyms”in yetirməsidir. O, karyerası ərzində “Şatoru”, “Renn”, “Yanq Boyz”, “Borussiya” (Mönhenqladbax) kimi klubların da şərəfini qoruyub. 2022-ci ildən “Union Berlin”də çıxış edən hücumçu Bundesliqa klubunda 64 oyuna 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Cordan 2021-ci ilin martında debüt etdiyi ABŞ yığmasında 9 oyuna 1 qol vurub.

“Reyms” Portuqaliyanın “Jil Visente” klubundan Roman Mori Qbaneni də transfer edib. Fransa klubu bu keçidə görə 5 milyon avro ödəyib. 24 yaşlı futbolçu ilə müqavilə 2029-cu ilin 30 iyununadək nəzərdə tutulub.

Roman Mori Qbane karyerasına Kot-d’İvuarın “Stad Abican” klubunda başlayıb. “Bielo-Brdo”, “Ximki” kimi klublarda da oynamış futbolçu 2023-cü ildən formasını geyindiyi “Jil-Visente”də 47 oyuna çıxıb, 2 qol vurub.

“Union Berlin” Yorbe Vertesseni də satdı

Yeri gəlmişkən, Cordan Pefoku “Reyms”ə satmış “Union Berlin” belçikalı hücumçusu Yorbe Vertesseni də “Zalsburq”a satıb. Almaniya klubu bu satışdan 4 milyon avro qazanıb. 24 yaşlı forvard Avstriya təmsilçisi ilə 4,5 illik müqaviləyə imza atıb.

Yorbe Vertessen PSV-nin yetirməsidir. Belçikada “Yunion”un da şərəfini qorumuş hücumçu ötən ildən formasını geyindiyi “Union Berlin”də 30 oyuna 4 qol vurub. Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Vertessenə əsas millidə ehtiyac duyulmayıb.

Seçilən
1
arena.az

1Mənbələr