AZ

On min manata hacı olmaq: Bu vəsaiti kasıblara, yoxsa ziyarətə xərcləmək savabdır?

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu barədə yaydığı məlumatda qeyd olunub ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları – 10 115 manatdır. Ziyarət vahid formada təşkil edilir və hava nəqliyyatı ilə həyata keçirilir.

Həcc ziyarəti, müsəlmanlar üçün onun əhəmiyyəti və sair məsələlərlə bağlı Medianews.az-ın suallarını Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, ilahiyyatçı-alim Kövsər Tağıyev cavablandırır.

323872996

– Kövsər müəllim, kimlər həcc ziyarətində iştirak etməlidirlər? Hansı müsəlmanlara bu ziyarət mütləqdir?

– Həcc ziyarəti İslamın beş əsas ibadətindən biridir. Hər bir müsəlmanın ömründə bir dəfə bu ziyarəti yerinə yetirməsi vacibdir. Həcc yalnız müsəlmanlara məxsus bir ibadətdir. Həddi-büluğa çatmış, fiziki və əqli baxımdan bu ziyarəti yetirməyə uyğun olan, ziyarət üçün kifayət qədər maddi imkana sahib olan, səyahət xərclərini ödəyə bilən, həccə getmək üçün heç bir hüquqi və ya sosial məhdudiyyəti olmayan müsəlman üçün ömründə bir dəfə həccə getmək vacibdir. İslam dinindəki ibadətləri bədənlə, malla, həm bədən, həm də malla yerinə yetirilən ibadətlər şəklində təsnif etmək olar. Həcc həm bədənlə, həm də malla yerinə yetirilən ibadətdir. Yəni həm fiziki, həm də maddi cəhətdən bu ibadətə uyğun olan şəxslərə həcc ibadəti vacib olur.

020223

– Həcc ziyarətinə getmək istəyən müsəlman hansı qaydalara riayət etməlidir?

– Həccə getmək istəyən şəxslər üçün həccin başlamasından əvvəl və həcc başladıqdan sonra edilməli olan bir sıra vacib əməllər var. Əvvəla həccə getmək üçün qəlbən niyyət etmək lazımdır. Müsəlman həccə nə üçün getdiyini dərk etməlidir. Həcc bir ibadətdir. Onun məqsədi günahlardan tövbə edərək mənəvi cəhətdən paklaşmaq və Allaha yaxınlaşmaqdır. Həcc ziyarətini yerinə yetirmək üçün ehram adlanan xüsusi geyim geyinilir. Bu, sadəliyi, təvazökarlığı və bərabərliyi simvolizə edir. Ümumiyyətlə, həcc üçün bədən, paltar və niyyət təmizliyi əsas şərtlərdəndir. Bunlarla yanaşı, Səudiyyə Ərəbistanının qanunlarına və ziyarət qaydalarına riayət etmək vacibdir.

240209

– Həcc ziyarəti neçə gün davam edir və orada hansı rituallar ardıcıllıqla yerinə yetirilir?

– Həccin əsas hissəsi təxminən 5-6 gün davam edir. Əsas mərasimlər Zilhiccə ayının 8-dən 13-nə qədər həyata keçirilir. Məkkə şəhərinin müəyyən sərhədlərindən daxil olan zaman hacılar paklanır, ehram adlanan xüsusi geyim geyinir və niyyət edirlər. Bundan sonra həcc məhdudiyyətləri başlayır. Bu andan etibarən sülh və əmin-amanlıq ruhunu qorumaq vacibdir. Hər hansı münaqişə və sərt mübahisə qadağandır. Əxlaqsız, yalan və ya təhqiredici ifadələrdən istifadə etmək olmaz. Ov etmək və ya heyvanlara zərər vermək, onların həyatına son qoymaq qadağandır. Hətta həşəratları öldürmək və ya bir ağacın yarpağını qırmaq belə, yolverilməzdir. Ehram müddətində cinsi əlaqədə olmaq, buna dair danışmaq və ya bu cür düşüncələrə dalmaq qadağandır. Hər hansı toxunma və ya yaxınlaşma cəhdlərindən çəkinmək tələb olunur. Ehramda ikən alış-veriş etmək və ya digər maddi işlərlə məşğul olmaq uyğun sayılmır. Kəbəyə çatan hacılar onun ətrafında yeddi dəfə dönərək təvaf edirlər. Səfa və Mərvə təpələri arasında yeddi dəfə gedib-gəlməklə “səy” yerinə yetirilir. Zilhiccənin 9-cu günü hacılar Ərəfat dağına tərəf yola çıxırlar. Günortadan sonra orada vəqfə edirlər, yəni vaxtlarını Ərəfatda keçirərək dua və ibadət edirlər. Axşamı Ərəfatdan enərək gecəni Müzdəlifə çölündə keçirir və oradan şeytan daşlama mərasimi üçün 7 kiçik daş toplayırlar. Həmin gecənin səhəri Mina çölündə şeytanı təmsil edən sütunlara daş atılır. Qurbanlar kəsilir, Həcc ziyarətinin tamamlanması münasibətilə saçlar qısaldılır. Həccin sonunda Kəbənin ətrafında son dəfə təvaf edilir. Bunlar həcc ibadətinin əsas elementləridir. Ancaq həccə gedən şəxslər həccin mənəvi atmosferindən maksimum dərəcədə istifadə etmək üçün rituallar haqqında ətraflı məlumat əldə etməlidirlər. Bunun üçün qafilə rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür.

101513pilgrimage

– Həcc ziyarətinin əhəmiyyəti nədən ibarətdir?

– Həcc ibadəti ilk növbədə müsəlman üçün fərdi əhəmiyyət daşıyır. Günahların bağışlanması və mənəvi təmizlənmə, Allaha yaxınlaşmaq və qəlbən saflaşmaq, dünya malına bağlılıqdan qurtulma və təvazökarlıq həcc ibadətinin müsəlman üçün fərdi əhəmiyyətini ifadə edir. Həcc eyni zamanda müsəlmanların birliyini və bərabərliyini simvolizə edir, din qardaşlığı hissini gücləndirir, İslamın qlobal mənəvi gücünü göstərir. Digər tərəfdən fərqli millətlərdən və mədəniyyətlərdən olan insanları bir araya gətirərək sülh və harmoniya mesajının yayılmasını, insanlar arasında həmrəyliyin, bərabərliyin və sevginin artmasını tərənnüm edir. Bu baxımdan həcc həm fərdi, həm də ictimai mənada müsəlmanların imanını gücləndirən və onları birliyə çağıran bir ibadətdir. Həcc ayini qədim bir ibadət növüdür. Bir çox dinlərdə buna bənzər ibadətlər var. Onun əsas mənası və mahiyyətini aid olduğu dinin içərisində axtarmaq lazımdır. Bəzən həcc ibadətini gözdən salmaq üçün “Buna nə ehtiyac var? O vəsaiti imkansızlara vermək, kasıblara xərcləmək daha yaxşı olmazdımı? Şeytan daşlamaq üçün daşları hacılara pulla satırlar” və sair kimi populist çıxışların da şahidi oluruq. Bu kimi destruktiv çıxışlar mövcud nöqsanları aradan qaldırmağa xidmət etmir, əksinə nifrət və qarşıdurma meyllərini qüvvətləndirir.

Seçilən
19
millitv.net

1Mənbələr