AZ

Qayıdanlar

Braziliyalı vinger Kadi Borges yenidən “Qarabağ”a qayıdıb. O, 2021-2023-cü illərdə çıxış etdiyi “atlılar”da ikinci dönəminə başlayıb.

Son illərdə “Qarabağ”dan ayrılıb, yenidən qayıdan oyunçuların sayı kifayət qədərdir. Bunlar Donald Gerye, Şahruddin Məhəmmədəliyev, Patrik Andrade, Reynaldo, Riçard Almeyda, Ramil Şeydayev, Musa Qurbanlıdır.

Onlar arasında ikinci dönəmini parlaq yaşamayanların sayı isə daha çoxdur. Böyük hədəflərlə “Qarabağ”dan ayrılanların yenidən dönüşü isə uğursuz olmaları ilə bağlıdır. “Qarabağ”la yaxşı performans sərgiləyib, Avropa klublarının “radar”larına düşən və klubunu dəyişənlər gözləntiləri qarşılaya bilmədikləri üçün dönmək qərarını verib. Son qayıdan isə Kadi Borges oldu.

“Qarabağ”la karyerasının ən yaxşı dönəmini keçirən və sonrasında yaxşı məbləğə – təxminən 5 milyon avro qarşılığında “Krasnodar”a keçən yarımmüdafiəçi bir ilə yaxın bu klubda oynayıb, Macarıstan “Ferentsvaroş”una üz tutdu. Lakin kifayət qədər şans qazanmayan Borges yenidən Azərbaycana qayıtdı.

Türkiyənin “Adana Demirspor” klubuna keçən Şahruddin Məhəmmədəliyev də bir növ səhvlərinin qurbanı oldu. Şans qazandığı oyunlarda texniki xətalara yol verən “Şah” daha sonra maliyyə problemləri yaşayan klubdan ayrıldı və “Qarabağ”dan təklif gələn kimi qayıtmağı seçdi.

İsveçin “Yurqorden” klubuna keçən Musa Qurbanlı da uğursuz olanlar sırasındadır. Premyer Liqada bombardir olduqdan sonra klubunu dəyişən Musa skandinav futboluna uyğunlaşa bilmədi və daha çox gününü ehtiyatda keçirdi. Musa da digərləri kimi yenidən Azərbaycana qayıtmaq qərarına gəldi. Millinin hücumçusu hələ tam formasında deyil və kifayət qədər yaxşı performans sərgiləyə bilmir.

Patrik Andrade və Riçard Almeyda isə dönüşündən sonra nisbətən normal futbol sərgiləyənlərdəndir. Hər iki yarımmüdafiəçi daha çox ehtiyat qüvvəyə çevrilib və şans gəldiyi təqdirdə, özlərini yaxşı göstərməyə çalışır.

Kadi Borgesin performansının hansı səviyyədə olacağını isə zaman göstərəcək. “Qarabağ”da parlaq dönəm keçirən braziliyalı yenidən ümidləri doğrultmağa çalışacaq.

Şahin Cəfərov

Seçilən
0
futbolpress.az

1Mənbələr