AZ

Mişi Batşuayi “Qalatasaray”ı “Ayntraxt”a dəyişdi

Futbol üzrə Belçika yığmasının və “Qalatasaray”ın hücumçusu Mişi Batşuayi bundan sonra “Ayntraxt”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bundesliqa təmsilçisi bu transferi 3 milyon avroya rəsmiləşdirib. 31 yaşlı futbolçu ilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Mişi Batşuayi 2024-cü ilin iyul ayında “Fənərbaxça”dan azad agent kimi ayrılaraq “Qalatasaray”a keçmişdi. O, İstanbul klubunun heyətində meydana çıxdığı 30 oyunda 7 qol vurub, 2 assist müəllifi olub.

Belçikalı forvard “Qalatasaray”dan öncə Türkiyənin digər təmsilçiləri “Beşiktaş” və “Fənərbaxça”da da forma geyinib. Belçikanın “Standard” (Lyej) klubunun yetirməsi olan Batşuayi karyerası ərzində “Olimpik” (Marsel), “Çelsi”, “Borussiya” (Dortmund), “Valensiya”, “Kristal Pelas” kimi kollektivlərdə də oynayıb.

2015-ci ilin mart ayında Belçika milli komandasında debüt etmiş Mişi Batşuayi, əsas yığmada 56 oyuna çıxıb, 27 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

“Ayntraxt” 25 yaşlı sol vingeri Yens Petter Hauqeni da “Bodo Qlimt”ə satıb. Frankfurt təmsilçisi bu satışdan 3,5 milyon avro qazanıb. Norveçli futbolçu köhnə-yeni klubu ilə 2028-ci ilin 31 dekabrına kimi anlaşıb.

Yens Petter Hauqe məhz “Bodo Qlimt”in yetirməsidir. O, karyerası ərzində “Olesund”, “Milan”, “Gent” kimi klubların da formasını geyinib. 2021-ci ildən “Ayntraxt”da çıxış edən vinger Frankfurt klubunun heyətində 55 oyuna çıxıb, 3 qol vurub, 5 assist edib. 2020-ci ilin oktyabrında Norveç yığmasında debüt etmiş futbolçu meydana çıxdığı 11 oyunda 1 qolla yadda qalıb.

Seçilən
41
arena.az

1Mənbələr