“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəyişməsi insan sağlamlığı üçün ciddi sınaqdır. O qeyd edib ki, istilik, qəfil soyuq, güclü külək və ya leysan yağış kimi təbiət hadisələri orqanizmin meteohəssaslığını ortaya qoyur.
İradə Həsənovanın sözlərinə görə, insan orqanizmi ətraf mühitlə sıx harmoniya təşkil edir və ekoloji dəyişikliklər ona birbaşa və ya dolayı təsir göstərir: "XX əsrdən etibarən əhalinin sürətli artımı, elmi-texniki tərəqqi və sənaye fəaliyyətinin genişlənməsi insan və təbiət arasındakı balansı pozub. Bu isə ekoloji böhranın yaranmasına və təbiətin bərpasının çətinləşməsinə səbəb olub. İnsanın təbiətdən asılılığı dəyişməz olaraq qalır və təbii sərvətlərin mühafizəsi yalnız cari deyil, həm də gələcək nəsillərin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin ekoloji böhran və iqlim dəyişikliyi nəticəsində baş verən hadisələr, o cümlədən su çatışmazlığı, təbii fəlakətlər və ətraf mühitin çirklənməsi artıq qlobal problemə çevrilib".
İradə Həsənova vurğulayıb ki, antropogen amillər, yəni insan fəaliyyəti nəticəsində yaranan ekoloji ziyan, sağlamlıq üçün ən böyük təhlükələrdən biridir: "Ekoloji tarazlığın qorunması və davamlı inkişaf strategiyalarının işlənib hazırlanması vacibdir. Son illər iqlim istiləşməsi və orta illik temperaturun artması dünya əhalisinin dörddə birinin su çatışmazlığı yaşamasına səbəb olub. Bu proses davam edərsə, yaxın gələcəkdə daha geniş miqyaslı ekoloji fəsadlar qaçılmaz olacaq".
İradə Həsənova yekun olaraq vurğulayıb ki, ekoloji böhranın təsirlərini azaltmaq və sağlam ətraf mühit yaratmaq üçün hər kəs, o cümlədən hökumətlər, alimlər və adi vətəndaşlar məsuliyyət daşımalıdır: "Təbiət və insan arasında tarazlığın bərpa edilməsi üçün təbii ehtiyatlardan dayanıqlı istifadə olunmalı, ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər görülməlidir".
Pərvanə Fərhadqızı
QHT.az