Azərbaycan Futzal Federasiyasında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) üzvləri ilə görüş keçirilib.
Arena.az bu barədə federasiyanın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak etmiş və yer aldığı B qrupunun qalibi olmuş milli üzvləri diqqətdən kənarda qalmayıblar.
Belə ki, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov komanda üzvlərini qazanılan uğur münasibəti ilə federasiya rəhbərliyi adından təbrik edib. O, əsas mərhələdə də inamlı çıxış etməyin vacibliyini bildirib, bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb. Sonda U-19-un üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Xatırladaq ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar 25-30 mart tarixlərində Xorvatiyada təşkil olunacaq.