Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
Vəkil Aqil Layıc Turan-a bildirib ki, müdafiə tərəfi cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin edilməyib.
Bununla yanaşı hakim Emin İbrahimovun vəkillərin yanında oturması barədə vəsatəti təmin edib.
Emin İbrahimov prosesdə çıxış edib.
“O dedi ki, bu, məhkəmə deyil, ona görə də hər hansı münasibət bildirmir. Məhkəmə onunla bağlı hər hansı məsələni həll etməkdə legitim deyil”.
*Emin İbrahimov 2024-cü il iyulun 22-də sağlamlığa ciddi ziyan vurmaq və xuliqanlıq ittihamı ilə saxlanılıb. Onu 11 ilə qədər həbs təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə onu 4 ay müddətinə həbs edib. Noyabrın 19-da həbs 2 ay müddətinə uzadılıb.
Emin İbrahimov əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi, 2016-2020-ci illərdə Uruqvayda müvəqqəti işlər vəkili olub. Sonradan hökumətin siyasətilə razılaşmadığını bildirərək diplomatik xidmətdən istefa verib və bundan sonra sosial şəbəkələrdə hakimiyyəti tənqid edib.