AZ

“Səməd Vurğun sağ qalmaq üçün boyun əyib” – Yazarlardan REAKSİYA

Yazıçı, tərcüməçi, tarixçi Əlisa Nicatın yaxın günlərdə müsahibəsi zamanı Xalq şairi Səməd Vurğun haqda dediyi sözlər gündəm mövzusuna çevrilib və sosial şəbəkələrdə kəskin şəkildə tənqid olunub. O bildirib ki, Səməd Vurğun qədər yaltaq şair olmayıb.

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb”. – deyə o qeyd edib.

Məsələ ilə bağlı Tribunainfo.az yazıçılar arasında sorğu keçirib. Əlisa Nicat haqlıdırmı, S. Vurğun yaltaq olubmu?
Yazıçıların şərhlərini təqdim edirik:

Qurban Yaquboğlu

Əlisa Nicatın heç bir fakta, mənbəyə, arxiv sənədinə əsaslanmayan, folklor səviyyəsində qiymətləndirilməli olan fikirləri tamamilə başqa, zənnimcə, mürəkkəb bir məsələyə diqqət yönəltdi. Söhbət sovet ədəbiyyatına, sovet ədəbi avtoritetlərinə və kütləvi sevgiyə nail olmuş xalq şairlərinə münasibətimizin yenidən qurulmasından gedir. Yəni bu münasibət yenidən qurulmalıdı, yoxsa köhnədə olan kimi davam eləməlidi? Mən sadəcə xatırlatmaq istədim – sovet siyasi sisteminin rəsmi süqutundan 34 il keçir. Biz sovet mirasını bəlkə elə sovet dövründə olduğu kimi çiynimizdə daçımalıyıq? Başqa bir maraqlı nüans var: Səməd Vurğunu müdafiə edənlər onun konkret əməlini yox (olub, ya yox – bu ciddi şəkildə araşdırılmalıdı), böyük şairliyini önə çəkirlər. Hətta bir sosial şəbəkə istifadəçisi onun adını Homerlə yanaşı çəkmişdi… Bu xaotik müzakirələrdə diqqətə çıxan daha bir nüans var: Səməd Vurğunu daha çox onun bölgəsinin təmsilçiləri müdafiə edirsə, lokomotiv kimi önə çıxıb hamını arxalarınca çəkməyə çalışırlarsa, həqiqəti bir az da dolaşığa salmırlarmı? Mənim müşahidəmdə belə bir anormal durum gözə dəyir. Sözümün sonunda istərdim bir şeyi deyim: sovet irsinə, o cümlədən sovet ədəbi mirasına və həmin dövrün ədəbi və ictimai-siyasi personalarına yenidən, amma həqiqi qiymət verilməlidi. Həm ictimai, həm də bədii estetik baxımından. Bunu həm də Səməd Vurğunun oxucusu kimi arzulayıram.

Rasim Qaraca

Səməd Vurğun məsələsi dəfələrlə müzakirə mövzusu olub, biz cəmiyyət olaraq ona tam olaraq dəyər biçib yeni mərhələyə keçə bilməmişik. Soyuq məntiqlə, yaxşısını-pisini götür qoy edərək bu dəyərləndirmə prosesini tamamlamalıyıq.
1. S.Vurğun istedadlı şair olub, ancaq bu istedad sovet hakimiyyəti tərəfindən bir xeyli cilalanıb, parıldadılıb, həvəsləndirilib. Hakimiyyətə yaxınlığına görə kimlərinsə irəli çəkildiyi, kimlərinsə sürgünə göndərildiyi dövrdə iy bilmə qabiliyyəti yaxşı olub, küləyin hansı tərəfdən əsdiyini zamanında tutub, partiyalı şeirlər yazıb. O qədər yalan-palan yazıb ki, deyəsən axırda özü də buna inanıb, bu sahədə birincilik qazanıb. Hətta mədhiyyə yazmayanları açıq şəkildə qınayıb, onlar repressiyya olunanda “sıralarımız təmizləndi” deyib. Ola bilər ilk başlayanda yaltaq olmayıb, təmiz niyyətlə gözəl şeirlər yazmaq istəyib, və bu cür şeirləri həqiqətən var, məsələn “Ceyran” şeirində necə incə rübabı olduğunu görürük. Sonralar məddahlığın bayraqdarına çevrilib. Dolayı da olsa, kimlərinsə ölümünə fitva verib, bu isə incə rübabla bir araya sığmayan cəhətdir.
2. S.Vurğun müasir Azərbaycan dilinin formalaşmasında, onun saflaşmasında iştirak edib, bu sahədə də bayraqdar olub. “Vaqifin dilində” yazmağı başqa şairlərdən tələb edib. Sovet quruluşunun inqilabi mahiyyətindən maksimum yararlanmağa çalışıb.
3.Sovet hakimiyyətinin qələm adamları qarşısında qoyduğu “ədəbiyyat siyasi hərəkatın təkərciyi və vintciyi olmalıdır” tezisini qəbul edib və bütün ilahi vergisini buna xərcləyib. Sağ qalmaqdan ötrü, sorğu-sualsız boyun əyməli olduğu bu tələbi maksimum gerçəkləşdirib, Yazıçılar İttifaqının sədri olaraq bunu başqalarından da tələb edib.
4.O dövrün mahiyyəti belə idi, başqa cür olmaq mümkün deyildi, repressiya olunan M.Müşfiq də partiyalı şeirlər yazmışdı və s. dəlil-sübutlarla Səmədə haqq qazandırmaq, onun ruhunu incitməmək olardı. Lakin onu və onun kimiləri bağışlanmaz edən bir cəhət olmasaydı: Səməd vurğunlar Azərbaycan tarixində olmayan bir ənənənin başlanğıcını qoydular – öz şirin ləhcələri, gözəl qafiyələri ilə həqiqətin deyil, yalanın yanında durmaq ənənəsini yaratdılar, siyasi sistemin yanında durmaq, ona mədhiyyələr yazmaq adi hal aldı, yaltaq yazarlar “Böyük Səməd Vurğun belə edibsə biz niyə etməyək” məntiqi ilə ədəbi yaradıcılığı əsl mahiyyətindən uzaqlaşdırdılar, bir zamanlar utanılaraq taxılan maskalar indi onların üzünə çevrildi.
5.S.Vurğunun günahı yaltaq olmasında deyildi, yaltaqlığı ənənəyə çevirməsində idi. O ənənə bu gün davam edir.

Qan Turalı

Səməd Vurğun Azərbaycan ədəbiyyatının üz ağı, şərəf və ləyaqət mücəssiməsidir. Tarixi prosesi düzgün qiymətləndirə bilməyən, dünyaya dar, şəxsi maraqlar konteksindən baxan insanlar onun əhəmiyyətini dərk edə bilmirlər. Qəribədir ki, aradan az qala yüz il keçsə belə, Səməd Vurğunu ittiham edən bir sübut belə ortaya qoyulmamışdır.

Sara İbrahim

Səməd Vurğunu satqınlıqda, yaltaqlıqda suçlayanlar o dövrdə yaşasaydılar, günahlandırdıqları şairin atasına rəhmət oxudardılar.
Vurğun mənə görə dövrünün ən görkəmli şairidir. Onun sadə dildə yazdığı şeirlər dillər əzbəri olub.
Əlisa Nicatı yaşına və Mirzə Şəfi Vazeh haqqında yazdığı romana görə bağışlamaq olar.

Fəridə

Hər dövrün bir mənzərəsi var. Məncə, biz keçmiş haqqında ehkam kəsə bilmərik.
Həyat yaşamaq uğrunda mübarizədir. Bu, təbiətin ən ali qanunudur.
Səməd Vurğun mənim üçün dillərə dastan şeirlərin müəllifi, Azərbaycan dilinin dərinliklərindən, ənginliklərindən təkrarsız istifadə etmiş şairdir.
Əlisa Nicat da ortabab yazıçılardandır, məncə.
Ümumiyyətlə, yaşlı nəslin nümayəndələrinin hər dediyini haya-küyə salmağa ehtiyac yoxdur.
Rəhmətlik nənəm də ahıl vaxtlarında bir söz deyirdi, iki nəsli düşmən edirdi.
Yaşlı adamlara qayğı ilə yanaşmaq lazımdır. Aqressiv reaksiya vermək olmaz, məncə. Qoca babadır da, danışıb, məsələni böyüdüb ora-bura yozmaq lazım deyil.

Şəhanə Müşfiq

“Vaqif” dramını, “Zəncinin arzuları” poemasını, “Azərbaycan” şeirini yazan biri haqqında “yaltaq” ifadəsini işlətmək mülayim şəkildə desək, haqsızlıqdır. Bəli, Səməd Vurğunun Kommunist Partiyasına həsr etdiyi, Sovet ideologiyasını dəstəklədiyi şeirləri var. Amma bu, yaltaqlıqdan deyil, inamdan, baxışdan yaranan şeirlər idi. O, inandığı ideologiyanı tərənnüm edirdi və buna görə də qeyri-səmimi təsir bağışlamır, bağışlamamalıdır. Bu gündən dünənə baxmaq, dünəni ittiham etmək asandır. Amma dünənin şəraitini anlamaq, ən azından anlamağa cəhd etmək də lazımdır axı.
Məsələn, Mikayıl Müşfiqi xalq qəhrəmanı səviyyəsinə qaldırmışıq, mübariz şair, nakam şair deyirik. Niyə? Çünki o güllələnib. Müşfiq mənim də sevdiyim şairdir, amma bəs onun Sovet ideologiyasını təbliğ edən, Lenini, onun siyasətini mədh edən “Pambıq”, “Bir may”, “Pioner” və s. kimi şeirlərini niyə görməzdən gəlirik? Hələ bunlar uşaq şeirləridir. Təbii ki, Müşfiqin yaradıcılığında da bu cür şeirlər kifayət qədərdir. Bəs biz bunları görsək də, niyə onlara “məcburiyyətdən yazılan” şeirlər deyirik, Səməd Vurğunun yazdıqlarına isə “yaltaqlıq”? Çünki Səməd Vurğun sağ qalıb? Çünki Bağırov onu xilas edib? Baxın, Əlisa Nicat özü də müsahibəsində Səməd Vurğunun o dövrdə tutulduğunu, Bağırov tərəfindən xilas edildiyini deyir. Deməli, Səməd Vurğun “kifayət qədər yaltaq olmayıb”. Elə deyil?

Nicat Həşimzadə

Səməd Vurğun cəmi 50 il yaşayıb. Ona da yaşamaq demək mümkünsə. Adamın 45 yaşda çəkilən şəklinə baxırsan, elə bilirsən 80 yaşı var. Mən Səməd Vurğunu həmişə repressiya qurbanı saymışam. Səməd Vurğunu repressiya qurbanı saymayanlar da lütfən vəfatından sonra şairi repressiyaya məruz qoymasınlar. Adam yazıb da, gözəl də yazıb. Azərbaycan dilinə nifrət edən adama Səməd Vurğunu oxudun. 2 şeir oxusa, Azərbaycan dilini sevəcək.

 

 

 

 

 

Hazırladı: Dəniz Pənahova

Seçilən
10
tribunainfo.az

1Mənbələr