"Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var: Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, əməkdaşlıq edirik, Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantika Şurası çərçivəsində çıxışında deyib. O bildirib ki, son illər biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik.
Bilirsiniz ki, biz hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi həmin müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələ də yekun razılığa gəlməli olduğumuz iki bənd qalıb. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Əlbəttə, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılmasında beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı. Türkiyə ilə kifayət qədər fəal dialoqumuz var. Son illərdə Türkiyə prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmişəm, biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və birinci mərhələdə sərhədlərimizi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaqla bağlı çox konkret razılaşmamız var və ümid edirik ki, bu sazişin ən qısa zamanda həyata keçirilməsinə nail olacağıq. Biz bu istiqamətdə işləyirik.
Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Paşinyanın dediklərində həqiqət payı var:
“Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi çərçivəsində çox ciddi addımlar atılır. Bu yöndə sonuncu ən böyük uğur sərhəd komissiyalarının görüşü zamanı əldə edilən razılıq idi. Yəni sərhədin delimitasiya və demarkasiyası Şimaldan Cənuba, İran-Ermənistan-Azərbaycan sərhədinə doğru keçdi. Lakin Nilkol Paşinyan pozitiv danışıb, müsbət reaksiyalar versə də, sülh müqaviləsindən yayınma cəhdləri də həyata keçirir. Ermənistanın Amerika ilə strateji tərəfdaşlıq sazişi imzalaması, Avropa İttifaqının mülki missiyasının fəaliyyətinin iki il uzadılması kimi məsələlər sülh prosesində suallar yaradır. Həmçinin 10 noyabr bəyannaməsinin 17 bəndindən 15-i razılaşdırılıb. Daha çox mübahisəli məsələlərdən biri isə Zəngəzur dəhlizinin taleyi ilə bağlıdır. Zəngəzur məsələsində Azərbaycan dəhliz Ermənistan isə yol prinsipi ilə açılmasında maraqlıdır. Digər tərəfdən isə əslində sərhədlərin açılması məsələsi problemli mövzu deyil. Azərbaycan tərəfi Zəngəzur dəhlizi fonunda tərəflərin sülh müqaviləsi imzalamasını, kommunikasiya xətlərinin, nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır. Ermənistan tərəfi proseslərə daha konsturiktiv yanaşasa, şübhəsiz ki, sül müqaviləsi əldə olunar. Belə olan halda Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sərhədləri açıla bilər. Bu Bakı və Ankaranın ortaq maraqlarıdır. Çünki regional və Qərblə əməkdaşlıq fonunda proseslərin həlli bizim üçün də vacibdir. Azərbaycan Ermənistanla sülh imzaladıqdan sonra onun ərazisindən yeni layihələrin icrasını istəyir. Ermənistanın ən böyük problemi isə Qərblə mütəmadi olaraq vədlər alması və cəsarətlənməsidir. Onlar Azərbaycanla prosesləri həm öz reallıqları çərçivəsində, həm də mövcud reallıqları dəyişməyə hesablayırlar. Amma bu, düzgün yanaşma deyil. Ermənistanın Azərbaycanla problemlərinin həlli Türkiyə ilə də əlaqələrin yaranmasına səbəb olacaq”.