![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/aaaa.webp)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Keçid Hökumətinin rəhbəri Əhməd əl-Şara ilə görüşdən sonra Suriyanın terror təşkilatlarından təmizlənməsi və inkişafı üçün Türkiyənin hər cür dəstək verəcəyini bildirib.
Ankarada keçirilən görüşün təfərrüatları da üzə çıxmağa başlayıb. Şara-Ərdoğan görüşünü Anadolu Agentliyinə dəyərlənirən xarici işlər naziri Hakan Fidan bildirib ki, Əhməd əl-Şara gözləntimiz, öz ölkəsindəki problemlərə sahib çıxmasıdır. Fidan, Şaranın PKK məsələsində fikrinin aydın olduğunu ifadə edərək, Suriya dövlətinin öz bütövlüyü üçün PKK terrorçularını məhv edəcəyini deyib.
"Şaranın səfəri zamanı PKK/YPG-yə qarşı atılacaq addımlar müzakirə olundu. Silahlı təhdid olub-olmaması bizim üçün önəmli məsələdir. PKK/YPG məsələsində cənab Şaranın fikrinin son dərəcə aydın olduğunu gördüm. Bu aydınlıq Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyəcək səviyyədədir.
Suriyada milli birlik olacaq. Heç kim kənarda qalmamalı, inklüziv idarəetmə təmin edilməlidir. Suriya hökumətinin gündəmində federasiya və ya muxtariyyət fikri yoxdur” – deyə Hakan Fidan bildirib.
Nazir Fidanın sözlərinə görə, Suriya öz bütövlüyünü təmin etmək üçün PKK üzvlərini məhv edəcək: “PKK kadrlarında xidmət edən şəxslər qovulmalıdır. Əvvəlcə problemin barışıq yolu ilə həllinə çalışılacaq".
İstanbul Aydın Universitetinin müəllimi Yeliz Albayrak isə deyib ki, Türkiyə olaraq bizim əsas və yeganə dərdimiz yeni hökumətin Suriyadakı terror təşkilatlarına qarşı necə münasibət göstərəcəyi idi. İki prezidentin görüşü ilə narahatlıqlar aradan qalxdı və terrorla mübarizə məsələsi tam aydın oldu.
“Bölgədə yerləşən YPG/PKK/SDG terror təşkilatlarının məhv edilməsi üçün Türkiyədən Suriyaya hər cür silah və logistik dəstək veriləcək. Hətta, zərurət yarandıqda Türkiyə Silahlı Qüvvələri də əməliyyatlar keçirəcək.
Xüsusilə Suriyada qurulacaq yeni administrasiyada terror təşkilatları özlərinə yer tapmaq istəyə bilər. Bu istəyin arxasında təbii ki, hegemon güclərin onlara verdiyi göstərişlər dayanır. Digər tərəfdən ABŞ prezidenti Donald Tramp terror təşkilatlarını dəstəkləməyə davam edərsə, təşkilat üzvlərinin silahı yerə qoyması çətin ki mümkün olsun.
Bu vəziyyətdə, Türkiyə regional və sərhəd təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyatlara başlayacaq. Çünki Türkiyənin terror təşkilatlarına dözüm göstərməyəcəyi və onların yeni administrasiyada yer almasını heç vaxt qəbul etməyəcəyi dəfələrlə bəyan edilib” – deyə Y.Albayrak bildirib.
TAHİR