AZ

Qazaxıstan nəyi GİZLƏDİR? – “Rusiyadan qorxduğu üçün konkret mövqe ortaya qoymur”

“Qazaxıstan həqiqəti demək üçün Rusiyadan qorxur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, keçmiş deputat Fəzail Ağamalı bildirib.

Partiya sədri dekabrın 25-də AZAL-a məxsus olan “Embraer-190” təyyarəsinin vurulma səbəblərini şərh edib:

Onun sözlərinə görə, qəzadan dərhal sonra yayılan fotolardan bəlli idi ki, təyyarə vurulub:

“Həm də raketlə… Onun gövdəsində açılan iri deşik, qanadında əmələ gəlmiş olan yaralar, gövdəsində müxtəlif qəlpələrin yerləri, birmənalı şəkildə göstərir ki, təyyarəyə raket zərbələri endirilib. Təbii olaraq, bu məlumat kifayət deyildi. Bunun üçün əlavə sübutlara ehtiyac var idi. Yəni “qara qutu” açılmalı və bu faktlar təsdiqlənməli idi. Təyyarə vurulandan ölkə Prezidenti birmənalı mövqeyini ortaya qoydu və özünün kəskin mövqeyi ilə etiraz edib o yanaşmaları alt-üst edərək beynəlxalq səviyyəli komissiyanın yaradılmasına nail oldu. Nəticə də bəllidir”.

“Rusiyanın ayrı-ayrı səviyyələrdə həqiqəti əks etdirməyən yalan informasiyaları alt-üst edildi. Onlar isə gah quş müdaxiləsi olub, gah oksigen partlayıb kimi bəhanələr uydurdular. Oksigen partlasaydı, birinci deşik çöldən yox, içəridən ola bilərdi. Bəlli olur ki, bu, çöldən müdaxilədir. İkinci bir tərəfdən, quş müdaxilə etsəydi, təyyarənin motoruna müdaxilə edərdi ki, o da sağ-salamat idi. Əvvəlcədən Rusiyanın rəsmi orqanları bunu ört-basdır etməyə çalışdılar, məsələnin əsl mahiyyətini gizlətmək istədilər”, – deyə o, əlavə edib.

AVP sədri diqqətə çatdırıb ki. Rusiya özünəməxsus davranışlarını təyyarə qəzasında da davam etdirdi:

“Haqsızlıq, ədalətsizlik, digər ölkələrə yuxarıdan aşağı baxmaq, hamını özündən aşağı səviyyədə baxmaq və s. Lakin, onlar yanılırdılar. Onlar Azərbaycan xalqının və ona söykənmiş olan ölkə Prezidentinin iradəsi qarşısında aciz qaldılar. Cənab Prezident qəti və aydın şəkildə Azərbaycanın mövqeyini ortaya qoydu ki, bu məsələ ədalətli şəkildə araşdırılmalıdır. İlkin məlumatlara görə, təyyarənin vurulmasında, onun başqa istiqamətlərə göndərilməsində, təyyarənin idarə edilməz vəziyyətə gətirilməsində günahkarlar müəyyənləşməlidir və Azərbaycan dövlətinə və zərərçəkənlərə təzminat ödənməlidir. Yalnız bundan sonra Vladimir Putin səviyyəsində üstüörtülü şəkildə etiraf edil və Rusiyanın səmalarında vurulan təyyarəyə görə üzrxahlıq etdilər. Amma bu kifayət deyildi”.

F. Ağamalı vurğulayıb ki, Rusiya prezident səviyyəsində Azərbaycan dövləti və xalqından aydın şəkildə üzr istəməlidir:

“Bu Azərbaycan xalqının iradəsi və dəyişilməz mövqeyidir. Əgər Rusiya bunu etməsə, Azərbaycan xalqının Rusiyaya qarşı kövrək olan münasibətində çox ciddi çatlar əmələ gələcək. Şübhə etmirəm ki, bu dövlətlərarası münasibətlərdə də xoşagəlməz təsirini göstərəcəkdir. Rusiya bunu istəyirsə, biz də geri çəkilən deyilik. Rusiyanın zatən dünyada imici zədəlidir, bütün dünya onlara qarşıdır. Onların yanında olan bir dövlət var, o da Azərbaycandır. Azərbaycanla da bu baxımdan münasibətlərini korlamaq istəyirsə, bu artıq onların problemidir”.

O, Qazaxıstanın Rusiyadan qorxduğunu düşünür:

“Qazaxıstan isə əvvəldən də çox ehtiyatlı və qeyri müəyyən davranırdı, Rusiyadan çəkinirdi, lakin ölkə prezidentinin Qazaxıstan prezidentinə zəngindən sonra onların mövqeyində ciddi dəyişikliklər yarandı. İndi də ehtiyatla davranır və Rusiyadan qorxur. Ona görə də onlar konkret mövqe qoymur və bu da bizdə təəssüf doğurur. Ortada olan həqiqət Qazaxıstan tərəfindən birmənalı şəkildə etiraf edilmir. Mən əminəm ki, bu da Qazaxıstan tərəfindən aradan qaldırılacaq və təyyarəmizin Rusiya tərəfindən vurulması istintaq gedişində də təsdiqini tapacaq. Biz Rusiyadan ədalətli davranış və günahkarların qanun qarşısında öz cəzalarını almasını gözləyirik. Bunun başqa yolu, başqa izahı yoxdur”.

Nurlan Cəfəri

Seçilən
6
yenicag.az

1Mənbələr