AZ

Məşhur Məmmədov: Təyyarəmizi vuranlar cəzalanmalıdır, əgər Rusiya ört-basdır edəcəksə…

“Azərbaycan Rusiya ilə münasibətdə hər zaman səmimi tərəfdaş kimi davranıb. Ona görə də qarşı tərəfdən oxşar rəftar gözləyirik”. Bu fikri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov təyyarəmizin vurulmasından sonra Azərbaycan Prezidentinin Rusiya qarşısında qoyduğu tələblərə münasibət bildirərkən belə deyib. Deputat qeyd edib ki, Rusiyanın atacağı iki addım var: “Zərər çəkənlərin təzminatını ödəmək və günahkarları məsuliyyətə cəlb etmək. Dövlət başçısı bu məsələni açıq şəkildə bəyan edib. Biz Rusiyaya əlavə tələb qoymamışıq. Əfsuslar olsun ki, bu hadisəni ört-basdır etmək cəhdləri var. Lakin biz tələbimizi səsləndirməkdə davam edəcəyik. Ümid edirik ki, istintaqın yekununda Rusiya strateji müttəfiqlik sənədinin ruhuna və beynəlxalq hüquqa söykənən mövqe sərgiləyəcək”.
Millət vəkilinin sözlərinə görə, təyyarənin vurulduğuna dair sübutlar ortalıqdadır: “Bələdçinin və sərnişinin xəsarət alması, təyyarədəki dəliklər göstərir ki, hava hücumundan müdafiə sistemlərinə tuş gəlib. Atəş açanlar və əmr verənlər cəzalanmalıdır. Eyni zamanda, Rusiya İstintaq Komitəsi obyektiv təhqiqat aparmalıdır. Ən azından, bu hadisədə onun vətəndaşları da həlak olub”.
Məşhur Məmmədov hesab edir ki, Azərbaycan Prezidenti prinsipial, qətiyyətli və ədalətli mövqedən çıxış edir, xalqının maraqlarına söykənir: “Azərbaycan dövlətinə və xalqına zərər dəyib. Biz Rusiyanın kompensasiya ödəməsini gözləyirik. Ancaq son vaxtlar verilən bəzi rəsmi açıqlamalar və Rusiya mediasında aparılan qarayaxma kampaniyası göstərir ki, Azərbaycanın tələblərinə məhəl qoymaq istəmirlər. Əgər belə davam edəcəksə, münasibətlərdəki problemin səbəbini Kremldəki dairələr özlərində axtarıb tapmalıdırlar. Bu baxımdan, top qarşı tərəfdədir və məsuliyyət daşıdıqlarına görə cavab verməlidirlər”.
Xatırladaq ki, AZAL təyyarəsi Qroznı səmasında vurulub, sonra enişinə icazə verilməyib, Aktauya yönəldilib. Aktauda qəza zamanı 38 nəfər həlak olub.

Seçilən
4
tribunainfo.az

1Mənbələr