Müasir süni intellektin "xaç atalarından" biri, cari onilliyin sonuna qədər texnologiyada yeni bir inqilabın baş verəcəyini proqnozlaşdırıb.
Valyuta.Az "The Guardian"a istinadla xəbər verir ki, o, mövcud sistemlərin məişət robotları və tam avtomatlaşdırılmış avtomobillər yaratmaq üçün yetərsiz olduğunu bildirib.
"Meta" şirkətinin baş süni intellekt alimi Yan Lekun sistemlərin fiziki dünyanı başa düşməsi və onunla qarşılıqlı əlaqədə olması üçün yeni texnoloji irəliləyişlərə ehtiyac olduğunu deyib.
Lekun bu fikirlərini çərşənbə axşamı Kraliça II Yelizaveta adına mühəndislik mükafatına layiq görülən yeddi mühəndisdən biri kimi səsləndirib. O, maşın öyrənməsinə verdiyi töhfələrə görə 500 min funt sterlinq dəyərində olan bu nüfuzlu mükafatla təltif edilib.
Son illərdə "OpenAI" tərəfindən "ChatGPT"nin istifadəyə verilməsi ilə bu sahədə əldə olunan nailiyyətlər süni intellekt sistemlərinin insan səviyyəsində düşüncə qabiliyyətinə çatması ilə bağlı gözləntiləri və eyni zamanda qorxuları artırıb.
Bununla belə, Lekun hazırkı qabaqcıl texnologiyaların insan və ya heyvan səviyyəsində olmadığını vurğulayaraq onların "dili manipulyasiya etməkdə" güclü olduğunu, lakin fiziki dünyanı anlamaqda yetərsiz qaldığını qeyd edib.
"Cari sistemlərin məhdudiyyətlərinə görə qarşıdakı üç-beş il ərzində daha bir süni intellekt inqilabının baş verəcəyi çox mümkündür. Əgər biz gələcəkdə məişət robotları və tamamilə avtonom avtomobillər yaratmaq istəyiriksə, bu sistemlər real dünyanı dərk etməlidir", – o bildirib.
Yan Lekun hazırda fiziki reallığı "başa düşən" və dünyanın necə davranacağını proqnozlaşdırmağa çalışan sistemlər üzərində işləyir. O, süni intellekt sahəsindəki mövcud irəliləyişlərə toxunaraq əlavə edib: "Biz hələ insan səviyyəsinə çatmaqdan danışmırıq. Əgər bir sistem pişik və ya siçan qədər ağıllı olsa, bu, böyük nailiyyət sayılardı."
Digər mükafatçılardan və süni intellektin "xaç atalarından" biri olan Yoşua Benqio isə texnologiyanın təhlükəsizliyi sahəsində daha çox irəliləyişə ehtiyac olduğunu bildirib və gələn həftə Parisdə keçiriləcək qlobal süni intellekt sammitində bu məsələnin diqqət mərkəzində olmalı olduğunu vurğulayıb.
"Dünyanın liderlərinin etdiyimiz işin miqyasını daha yaxşı anlamasını istərdim. Çünki biz böyük güc yaradırıq və bu güc həm faydalı, həm də təhlükəli ola bilər. Bu güclə bağlı riskləri düzgün qiymətləndirmək lazımdır", – o deyib.
2018-ci ildə Benqio, Lekun və Ceffri Hinton kompüter elmlərinin "Nobel mükafatı" sayılan Törinq mükafatına layiq görülüblər. Bu həftə Hinton da Kraliça II Yelizaveta mükafatının qaliblərindən biri elan edilib.
Süni intellekt sahəsində çalışan alimlər ötən il iki Nobel mükafatı qazanıblar. Onlardan biri fizikaya görə Hinton və ABŞ-dən olan fizik Con Hopfild digəri isə "Google DeepMind" alimləri tərəfindən kimya sahəsində əldə olunub.
Maşın öyrənməsi süni intellektin inkişafında əsas proseslərdən biridir. Burada kompüterlər birbaşa təlimat almaq əvəzinə verilənləri analiz edərək məlumatlı qərarlar verir və ya proqnozlar aparır – məsələn, bir cümlədə hansı sözün növbəti gələcəyini müəyyən edir.
2025-ci il Kraliça II Yelizaveta mükafatının digər qalibləri bunlardır:
- Fey-Fey Li – "ImageNet" adlı, süni intellektin obyektləri tanımaq üçün öyrədilməsində mühüm rol oynayan verilənlər bazasının yaradıcısı;
- Censen Xuanq – süni intellekt sistemlərinin işləməsi və təlimi üçün çiplər istehsal edən "Nvidia" şirkətinin baş direktoru;
- Bill Dalli – "Nvidia" şirkətinin baş alimi.
Mükafatın təşkilatçısı olan "QEPrize" fondunun sədri və Böyük Britaniyanın elm naziri Patrik Vallans bildirib ki, maşın öyrənməsinin təsiri "sənaye, iqtisadiyyat və ümumilikdə planet" miqyasında hiss olunur. O əlavə edib ki, bu illik mükafat innovasiyaları ilə "dünyada milyardlarla insanın həyatına əhəmiyyətli təsir göstərən" mühəndisləri tanımaq məqsədi daşıyır.
Rəhim