“Ölkənin ali təhsil müəssisələri çox ciddi təhlükə qarşısındadır. Bu təhlükə ondan ibarətdir ki, Elm və təhsil nazirliyi ali təhsil müəssisələrində keyfiyyətli kadr hazırlığını yox, kommersiya, biznes xarakteri daşıyan reytinq sistemlərinə düşmək əsas tələb kimi qoyulur. Bu da ölkənin yaxın gələcəkdə çox ciddi ayrı-ayrı sahələr üzrə ciddi problemlərlə üzləşəcəyini göstərir”.
Bu sözləri təhsil eksperti Elşən Qafarov “Referans”-a açıqlamasında deyib.
“Bildiyiniz kimi son illərdə dünyada, eləcə də Azərbaycanda çağırışlar İKT və mühəndisliklə bağlıdır. Ayrı-ayrı sahələr üzrə mühəndislik ixtisasına tələbat günü-gündən artır. Təbii ki, müasir dövrün bilik və bacarıqlarına malik olan kadrlardan söhbət gedir. Eyni zamanda xarici dillər, ən əsası isə ingilis dili üzrə olan dil bacarıqlarının, beynəlxalq dil proqramları üzrə hazırlıq səviyyələrinin olması əsas şərtlərdən biridir. İkinci sahə isə İKT üzrədir: İKT mühəndisliyi, informasiya mühəndisliyi, kompüter mühəndisliyi, robototexnika və s. bu kimi sahələr də müasir dünyanın əsas çağırışlarından olan peşə və ixtisaslardır. Düşünürəm ki, öz gələcək karyerasını uğurlu formada inşa etmək istəyən şəxslər sözügedən sahələr üzrə seçimlər edə bilərlər”.
Ekspert qeyd edib ki, xidmət sektoruna daxil olan ixtisaslar da hər zaman olduğu kimi cəmiyyətdə aparıcı ixtisaslardan olmağa davam edəcək.
“Hazırda Azərbaycan 46 mülki ali təhsil müəssisəsi, 7 xüsusi təyinatlı ali təhsil müəssisəsi mövcuddur. Biz xüsusi təyinatlı ali təhsil müəssisələrini müzakirə etmirik, bu, bizim səlahiyyətlərimizə və konfidensialarımıza aid deyil. 46 mülki ali təhsil müəssisəsindən yalnız iki təhsil müəssisəsinin – Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetinin birlikdə 7 filialı regionlarda fəaliyyət göstərir. Digər tərəfdən bizim beynəlxalq əməkdaşlıqlarımıza əsasən, bir neçə xarici dövlətin də universitetləri Azərbaycanda fəaliyyət göstərir. Bunlara Azərbaycan-Türkiyə universiteti artıq fəaliyyətə başlayıb, əlavə olaraq Azərbaycan-İtaliya, Azərbaycan-Rusiya universitetlərinin də fəaliyyətə başlayacağı gözlənilir. Bu universitetlərdə də ölkənin əmək bazarının tələblərinə uyğun olan ixtisaslara kadr hazırlığı nəzərdə tutulur”.
Elşən Qafarov bildirib ki, növbəti illərdə ali təhsilə qəbul sayının 75 minə çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bu isə ali təhsil müəssisələrində tələbə yerlərinin sıxlığı infrastrukturla uzlaşmamasına gətirib çıxaracaq. Buna görə də ali təhsil müəssisələrinin yaradılması prosesi sürətləndirilməlidir. Eyni zamanda hər bir peşə üzrə dövlət standartları müəyyən edilməlidir. Kadr hazırlığı həmin peşə standartlarına və təhsil müəssisəsinin aid olduğu təhsil pilləsinə uyğun olaraq həyata keçirilməlidir.
Fidan Vəlisoy