AZ

Vurulmuş təyyarəmizin “qara qutu”sundan 2 əsas sualın cavabı çıxdımı?..

Image

Azər Həsrət: “Azərbaycan tərəfi əmindir ki, “Embraer 190” tipli sərnişin təyyarəsi "Pansir-S1" raketi ilə vurulub, yəni Rusiyanın...

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı dərc olunub. Hesabatda qəza ilə bağlı bir sıra məqamlar yer alıb. 

Maraqlıdır, vurulmuş təyyarəni dəniz üzərindən Aktauya kim yönəldib? Qroznı hava limanında dispetçer, ya pilotlar? Pilotlara təyyarənin vurulduğu barədə yerdəki dispetçerlər  tərəfindən öncədən məlumat verilibmi? Ümumiyyətlə, qəzaya uğramış təyyarənin Qara qutusunun oxunması əsas suallara cavab verdimi?

“Rusiya “örtük” əməliyyatını elan etməzdən əvvəl Azərbaycan təyyarəsinin GPS sisteminə müdaxilə edib və kor-kar şəkildə havada buraxılıb”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məlum hadisə ilə bağlı son qərar hələ tam açıqlanmayıb: “Lakin açıqlanan ilkin informasiyalar Azərbaycan tərəfinin şübhələrini təsdiqləyir. Xatırladım ki, ölkə başçısı İlham Əliyev ötən il 29 dekabr tarixində və cari ilin ilk ayında verdiyi müsahibədə bu məsələyə toxundu. O, Azərbaycan təyyarəsinin xarici müdaxilə nəticəsində zədələndiyini və nəticədə məlum olayın baş verdiyini demişdi. Son açıqlanan hesabatda da bunun əksi iddia edilə bilməz. Açıqlanan hesabatda da bildirilir ki, qəzaya səbəb xarici müdaxilədir. Azərbaycan tərəfi təyyarə qəzası ilə bağlı qərəzdən uzaq, dürüst mövqe tutub, Rusiya tərəfini də ədavətdən uzaq olmağa çağırıb. Təəssüflər olsun ki, ötən müddət ərzində də Rusiya oyunpozanlıq etməyə cəhd etdi, hansısa qara qutudan çıxan məlumatı iddia etdilər. Ancaq indi qara qutudan çıxan, rəsmən Qazaxıstan tərəfinin elan etdiyi informasiyadan da görünür ki, Azərbaycan təyyarəsi xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Bununla bərabər Azərbaycan tərəfi əmindir ki, “Embraer 190” tipli sərnişin təyyarəsi "Pansir-S1" raketi ilə vurulub. Yəni Rusiyanın havadan müdafiə qüvvələrinə məxsus raketlə vurulub. Bununla yanaşı, qara qutudan çıxan məlumatlar da təsdiq edir ki, Azərbaycan təyyarəsi uzun müddət   GPS sisteminin əngəllənməsi sistemi ilə havada olub. Rusiya “örtük” əməliyyatını elan etməzdən əvvəl Azərbaycan təyyarəsinin GPS sisteminə müdaxilə edib və kor-kar şəkildə havada buraxılıb. Bu da bizim ehtimalımızı bir daha təsdiq edir ki, təyyarəmizi planlı şəkildə vurublar”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Qazaxıstan tərəfi qardaş ölkədir və elan edilib ki, bir il ərzində tam şəkildə bütün nəticələr tam şəkildə açıqlanacaq: “Biz səbrlə gözləyəcəyik. Beynəlxalq Mülki Aviasiya qaydalarına uyğun olaraq araşdırma aparılır, bizdə gözləyəcəyik. Cavablar tam açıqlanandan sonra Azərbaycan tərəfi nəticələrə uyğun  öz tələblərini rəsmi şəkildə növbəti dəfə səsləndirəcək. Bu məsələ o qədər aydındır ki, dərin araşdırma aparılmadan belə təyyarəmizin Rusiya tərəfindən vurulduğu bəllidir”.

Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer-190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Hadisə zamanı Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Günel CƏLİLOVA





Seçilən
46
baki-xeber.com

1Mənbələr