***
İnanıram ki, Suriyada Əsəd rejimi tərəfindən mövcud olan dini ayrı-seçkilik, məzhəb ixtilafı, radikalizm, ekstremizm kimi mənfi hallar indiki hakimiyyət tərəfindən aradan qaldırılacaqdır.
TEZADLAR.AZ xəbər verir ki, bunu ilahiyyatçı-yazar, MCP İdarə Heyətinin üzvü Tural İrfan sosial media hesabında bildirib.
"Çünki bu mənfi halların ölkəmizə də müəyyən mənada mənfi təsirləri olurdu. Suriyada vaxtilə iranyönlü tədris müəssisələrində təhsil (?) alıb gəlmiş müəyyən şəxslər o ölkədə gördükləri dini mühiti ölkəmizə daşımaq istəyirdilər. Lakin hazırda Azərbaycan İlahiyyat İnstitutu kimi sağlam, dünyanın bir çox ali dini təhsil ocaqlarından müsbət mənada fərqlənən təhsil ocağı fəaliyyət göstərir. Suriya İslam dini ilə yanaşı digər səmavi və qeyri - səmavi bir çox din mənsubunun diqqət mərkəzində olan ölkədir. Suriyada xristian dininin müxtəlif təriqətlərinə, İslam dininin fərqli məzhəblərinə etiqad edən kifayət qədər insan var. Həmçinin digər müstəqil din mənsubları da var.
Suriya dövləti Azərbaycandakı dini tolerantlıqdan nümunə götürə bilər. Eyni zamanda, dini təhsil sistemini yenidən qurarkən ölkəmizdəki dini təhsil sistemini öyrənib əsas ala bilər. Suriyada dini təhsil məzhəblər üzrə fərqlənirdi. Hər məzhəbin özünün dini təhsil müəssisəsi vardı və burada təhsil verilən tələbələr digər məzhəbə qarşı radikal filirdə yetişdirilirdi. Bunun canlı şahidi kimi deyə bilərəm ki, Suriyanın bu günə düşməsində həmin "təhsil sistemi"nin (əslində sistemsizlik!) böyük mənfi rolu var.
Təkcə bir məntəqədə, Seyyidə Zeynəb qəsəbəsində 5 hövzə fəaliyyət göstərirdi ki, hərəsi bir ölkədən olan müctəhidin himayəsində idi və çox zaman da bir - birinə zidd mövqe tutub, rəqabət aparırdılar. Dəməşqdə isə "Əbu Nur" adlanan, əsasən sufi yönlü təhsil verən mədrəsə tipli institut fəaliyyət göstərirdi. Eyni zamanda, Misir mənşəli "Fəthul İslam" adlı digər sələfi yönlü mə'həd də bacardığı qədər mühafizəkar dini təhsil verirdi. Yerli din alimi və xadimlərinin isə əsasən kiçik mədrəsələr səviyyəsində, müəyyən qədər də Dəməşq Dövlət Universitetinin şəriət fakultəsində səsi çıxırdı", - deyə Tural İrfan qeyd edib.
Y.Məmmədli