AZ

Əl və ayaqda uyuşmalar niyə baş verir?

Həkim: Xüsusilə maqnezium və kalsium elementlərinin çatışmazlığı nəticəsində əl və ayaqlarda uyuşmalar meydana gələ bilər.

Son zamanlar insanlar arasında əl və ayaq uyuşmaları daha çox müşahidə olunmağa başlayıb. Bu problem, çox sayda insanın gündəlik həyatına təsir edir və zaman-zaman narahatlıq yaradır. Əl və ayaqlarda uyuşmalar bədənin periferik hissələrində, yəni bədən mərkəzinə daha uzaq olan əzələlərdə və sinirlərdə yaranır. Bu cür şikayətlər, bir çox insanda müvəqqəti olsa da, bəzən uzun müddət davam edən problemlərə çevrilə bilər.

Bəs əl və ayaq uyuşmalarının səbəbi nədir?

Məsələ ilə bağlı terapevt Sübhan Hacıyev Operativ Media-ya açıqlama verib.

O bildirib ki, bu problemlərin qarşısını almaq üçün, ilk olaraq insanın öz orqanizmini düzgün tanıması vacibdir:

"Əl və ayaqlar bədəndən uzaq sayıldığı üçün periferik orqanları hesab olunur. Periferik orqanlarda buzlama, uyuşma, soyuqluq kimi narahatlıqlar damar mənşəli olur. Eyni zamanda, bu cür xəstəliklərin bir çoxunda daha çox dəmir defisiti və B12 defisiti nəticəsində anemiya müşahidə olunur. Yəni, həmin şəxslərdə qan azlığı olur. Bu uyuşmalar bəzən insanın bədənində makro və mikro elementlərin çatışmazlığından da baş verir. Xüsusilə maqnezium və kalsium elementlərinin çatışmazlığı nəticəsində bu hallar meydana gələ bilər.

Eyni zamanda, qanın laxtalanma sistemində baş verən müəyyən dəyişikliklər uyuşma, buzlama kimi qan dövranının pozulmasına gətirib çıxara bilir. Reyno sindromu adlanan birləşdirici toxuma xəstəliyi var ki, bu da gənc yaşlarda özünü göstərir. Bu cür insanlar soyuq su ilə daha çox təmasda olduqda, barmaqlarda ağarma, göyərmə kimi əlamətlər üzə çıxır. Ciddi ağrı və narahatlıqlar baş verir. Bu simptomların bir çox səbəbi ola bilər. Buna görə də insanlar belə hallar ilə qarşılaşanda, çox vaxt həkimə müraciət etmirlər. Amma belə hallarda canlı şəkildə müayinə aparılmalı, məlumatlar düzgün toplanmalı və düzgün diaqnoz qoyulmalıdır.

Bu problemlərin qarşısını almaq üçün, ilk olaraq insanın öz orqanizmini düzgün tanıması vacibdir. Əgər qan azlığı varsa, o mütləq şəkildə müalicə edilməlidir. İnsan mövsümə uyğun qidalanmalı və geyinməlidir. Çox sadə görünsə də, ən azı bir insan gündə 2 litr maye qəbul etməlidir. Bu qan dövranına ən yaxşı təsir edən üsuldur. Sadə görünsə də mayə qəbul etdikdə ümumi qan dövranı aktiv və sürətli işləyir".

Seçilən
13
operativmedia.az

1Mənbələr