DTX və DİN əməkdaşlarının Qusar rayonu ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qrupa qarşı keçirdiyi əməliyyat peşəkarlıq baxımından təqdirə layiqdir və xarici təhlükəsizliyimizin təmin olunması istiqamətində uğurlu addım kimi dəyərləndirilməlidir. Diqqətdən qaçırmaq lazım deyil ki, bu tipli terrorçu qrupları himayə edən, onları silahlandıran və siyasi dəstək verən, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, daxili vəhdətini pozmağa cəhd edən xarici kəşfiyyatlardır. Zaman-zaman şimal bölgəmizdə bu tip silahlı qrupların təxribatlar törətdiyini nəzərə alsaq, bu silahlı terror qruplaşmasının da arxasında bəlli kəşfiyyatların dayandığı şübhə doğurmamalıdır.
Qeyd etmək yerinə düşər ki, son vaxtlar Ermənistanla Azərbaycan arasında sülh danışıqları, onun tərkib hissəsi olan delimitasiya, demarkasiya işlərinə hazırlıqda Rusiyanın hər fürsətdə prosesə müdaxiləsini müşahidə edirik. Rusiyanın Baş nazirinin müavini A.Overçukun Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi üçün Rusiyanın kartoqrafik materialları təqdim etməyə hazır olması ilə bağlı verdiyi bəyanat, əslində iki dövlət arasında danışıqların vasitəçisiz aparılmasına mane olmaq məqsədi daşıyır. Aydın məsələdir ki, Rusiyanın Azərbaycanla Ermənistan arasındakı sərhədin dəqiqləşdirilməsinə və sülh danışıqlarının aparılmasına müdaxiləsi yalnız bu münasibətlərin daha da korlanmasına və sərhədlərin dəqiqləşdirilməsi prosesinin uzun müddət davam etməsinə gətirib çıxaracaq. Cənubi Qafqazda münaqişə ocaqlarının baş müəllifi Rusiyadır və imperialist təfəkkürlü bu ölkənin sülh danışıqlarına bu və ya digər formada müdaxiləsi onun bölgədə itən hərbi, siyasi nüfuzunun, təsir dairəsinin yenidən bərpasına hesablanmış addımlardır. Bu baxımdan Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarına nəinki Rusiyanın, istənilən üçüncü ölkənin müdaxiləsi yolverilməzdir.
Azərbaycanla Ermənistan arasındakı münasibətlərə növbəti müdaxilə cəhdi bölgəmizdən min kilometrlərlə kənarda yerləşən və bu gün özünün də siyasi quruluşu ABŞ tərəfindən təhdid edilən Kanadadan gəlir. Kanada Xarici işlər nazirinin rəsmi Bakıya “erməni əsirləri” azad etməyə, Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə və erməni mülki əhalinin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasına” çağırışı ikrah doğurur. Bu çağırışın heç bir hüquqi və siyasi əsasının olmadığı gün kimi aydındır və Kanada yetkililəri bilməlidir ki, Qarabağdan ermənilər birbaşa Ermənistan dövlətinin tapşırığı əsasında könüllü çıxıb, Azərbaycan dəfələrlə reinteqrasiya təklifi etməsinə baxmayaraq, heç bir erməni Azərbaycana inteqrasiya etmək istəməyib.
"AzPolitika"