AZ

Gözəllik mərkəzlərinin "bazarı" məhv edilir- bəzi əməliyyatlar qadağan olunur...

Image

Larisa Həsənova: “Gözəllik salonlarında kosmetoloji prosedurların keçirilməsi düzgün deyil”

Botoks, dolğu, üz cavanlaşması, burun kiçiltmə və bu kimi kosmetoloji prosedurlar təkcə tibb müəssisələrində yox, gözəllik salonlarında da icra olunur. 

Məlumdur ki, klinikalarda çalışan kosmetoloqlardan tibbi sertifikat tələb olunduğu halda, əksər gözəllik mərkəzlərində buna ehtiyac duyulmur. 3-4 ay kursa gedənlər bu gün gözəllik salonlarında kosmetoloq kimi fəaliyyət göstərir. Onların gördüyü işlərin qurbanı olanlar, gözəlləşmək əvəzinə çirkinləşənlər az deyil.

Bu səbəbdən də gözəllik mərkəzlərində bir çox prosedurlar Səhiyyə Nazirliyi tərəfindən qadağan olunur. Artıq bununla bağlı xəbərdarlıq da edilib. Tibbi kosmetologiya, cərrahi müdaxilələr istisna olmaqla, inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası, o cümlədən lazer üsulu epilyasiya, müalicəvi masaj üsulları və digər prosedurlar qadağan olunur. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin yaydığı məlumatda qeyd edilir ki, prosesləri həyata keçirən özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdir.

Ancaq bu prosedurların icra olunduğu müəssisələr isə qadağa ilə barışmırlar.

“Kosmetoloji prosedurlar da tibbi xidmət sayılır, bu məsələyə diqqət edilməlidir, hər yoldan keçən kosmetoloq ola bilməz”

Kosmetoloq Larisa Həsənova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, gözəllik salonlarında kosmetoloji prosedurların keçirilməsi düzgün deyil: “Gözəllik mərkəzlərində kosmetoloji prosedurların aparılması çox təhlükəlidir. Nəinki pasiyentə iynə vurmaq, hətta adi maskanın edilməsi belə düzgün deyil. Çünki maskanın tərkibində belə allergen ola bilər, hansı ki, pasiyentin bədəni buna əks-reaksiya göstərə bilər. Bu zaman pasiyent şoka düşsə, salon şəraitində onu vəziyyətdən necə çıxarmaq olar? Bu gün gözəllik salonlarında sağlıq üçün ziyanlı o qədər prosedurlar icra olunur ki, adam bilmir hansını desin. Qaş, kirpik laminasiyası, lazer, üz, dodaq botoksu, üzə baxım və digər əməliyyatlar rahat şəkildə salonlarda icra olunur. Heç bir təhsili olmayan, hətta kurs keçməyənlər belə bu işi görür. Əminliklə deyirəm ki, özlərini lazeroloq adlandıranlar bu işə başlamazdan öncə nə kursa gediblər, nə də araşdırma aparıblar. Onlar düşünür ki, aparatı tutacaq qadının müxtəlif nahiyyələrinə və işini görüb, pulunu alacaq. Bu gün qadınların dərilərində ləkə yaranmasının birinci səbəb lazerlərlə bağlıdır. Çünki lazer edən şəxs qadının dərisinin tipini bilmədən ona prosedur tətbiq edir, nəticədə yanıq ləkəsi yaranır.  Həmçinin, mezoterapiya prosedurunda istifadə olunan maddələr hyaluron turşusu əsaslıdır. Bu maddələr üz dərisinin revitalizasiyası, yenilənməsi, nəmləndirilməsi, detoksikasiya edilməsi və maddələr mübadiləsinin yaxşılaşdırılması məqsədilə seçilir. Bu zaman xəstənin  allergiyası və digər tibbi göstəriciləri mütləq yoxlanılmalıdır. Bu isə yalnız həkimin işidir. Ümumiyyətlə, bütün kosmetoloji prosedurlar gözəllik mərkəzlərində icra olunmamalıdır. Nəzərə almaq lazımdır ki, kosmetoloji prosedurlar da, əslində, tibbi xidmət sayılır. Bu məsələyə diqqət edilməlidir, hər yoldan keçən kosmetoloq ola bilməz”.

Günel CƏLİLOVA





Seçilən
32
baki-xeber.com

1Mənbələr