Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son 1 ildə isə 5,6% azalıb. Bu il fevralın 1-nə AMB-nın valyuta ehtiyatları 10 milyard 988,5 milyon ABŞ dolları təşkil edib.
Son bir ildə valyuta ehtiyatlarında 6 faizlik azalma nəyin nəticəsidir və nə qədər təhlükəlidir? Bu azalma manatın məzənnəsinə və Azərbaycanın pul siyasətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, ümumi rezervlərin içində 6 faizlik azalma elə də böyük bir rəqəm deyil:
"Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın pul bazarını tənzimləmək üçün ehtiyac olanda həm alış, həm satış yolu ilə bazara müdaxiləsi mümkündür. Son illərdə dedollarlaşma prosesi çərçivəsində valyuta ehtiyatları artırdı, bu il isə 6 faizə yaxın bir azalma var".
Azalmanın səbəbləri haqqında danışan Cəfər İbrahimli bildirib ki, bunun da müxtəlif səbəbləri var:
"Düşünürəm ki, buna ilk olaraq Qarabağdakı infrastruktur layihələrinə dövlətin investisiyaları çərçivəsində idxalın artması təsir edə bilər. İkinci məsələ isə əhalinin yığımları ilə bağlı ola bilər. Daha əvvəl əhalinin yığımlarında ciddi gəlir yox idi, banklar çox aşağı faiz təklif edirdilər. İndi hesab edirəm ki, bazarda kifayət qədər maliyyə alətləri var və bunlar valyutada, dollarda gəlirlilik təklif edir.
Eyni zamanda xarici maliyyə bazarlarında insanların maliyyə alətlərinə investisiyalarını görürük. Xarici valyutada investisiya çərçivəsində alımların da bu azalmaya təsiri ola bilər. Belə ki, insanlar gəlirliyi uyğun olduğu üçün investisiyaların bir qismini dollara keçirir. Mən bu iki faktorun keçən il üçün valyuta ehtiyatlarının azalmasına təsir etdiyi qənaətindəyəm".
2025-ci ilin gözləntiləri haqqında da danışan ekspert bildirib ki, bu, Mərkəzi Bankın rutin mandatına uyğundur və ciddi proses deyil:
"Bu il üçün də ciddi dəyişikliklər gözlənilmir. Nəzərə alsaq ki, bu il də Dövlət Neft Fondu əvvəlki illərlə müqayisədə büdcəyə transfer çərçivəsində bir az da artıq valyuta satacaq. Bu da bazarda valyuta stabilliyinin davam edəcəyini göstərir".
Davud