AZ

Deputat: "Mikromobillik şəhəriçi hərəkət etməyin yeni və ətraf mühitə dost yoludur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nəqliyyat infrastrukturunun inkişafı dövlətin iqtisadi siyasətində prioritet məsələlərdən biridir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, paytaxt Bakının, Bakıətrafı qəsəbələrin və regionların inkişafının prioritetliyi, həmçinin əhalinin sayında artım nəqliyyat infrastrukturunun yenilənməsini, imkanların artırılmasını bir tələbə çevirir:
"Prezident İlham Əliyevin iştirakı ilə yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə Azərbaycanın nəqliyyat imkanlarından, nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, eyni zamanda, hazırkı dövrün əsas çağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyat layihələrindən geniş bəhs edildi. Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı məsələlərinə xüsusi diqqət yönəldildi. Dövlət başçısının vurğuladığı kimi, son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq, yenə də Bakı şəhərində tıxac müşahidə olunur, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 ildə ölkə əhalisi 7 milyondan 10 milyona çatıb. Əlbəttə, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımla uyğunlaşmır. Yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlərin dinamikliyinə diqqət yetirsək, dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirildiyini görərik".
"Azərbaycan innovasiyalar ölkəsi olaraq daim yenilənməni, təkmilləşməni qarşıya mühüm vəzifə kimi qoyur. Ötən 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi dəmir yolu xətti istifadəyə verilib. Dünyanın demək olar ki, bütün böyük şəhərlərində olduğu kimi, paytaxt Bakının nəqliyyat sistemi də müasir çağırışlarla üzləşir. Bu çağırışlara cavab olaraq bir sıra addımların atılması vacibdir. Belə ki, yol infrastrukturu optimal təşkil edilməli, avtobusların sayı yetərli olmalı, dəmir yolu və metro infrastrukturu genişləndirilməlidir. Prezident İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə lair 2025-2030-cu illər Dövlət Proqramı"na əsasən qarşıdakı illərdə bu sahədə bir çox yeniliklərin şahidi olacağıq. Həyata keçiriləcək tədbirlər ictimai nəqliyyatdan istifadənin daha genişləndirilməsini, yeni mobillik imkanlarının yaradılmasını, piyadaların hərəkətinin, eləcə də mikromobilliyin genişləndirilməsini nəzərdə tutur", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, mikromobillik şəhəriçi hərəkət etməyin yeni və ətraf mühitə dost yoludur:
"Avtomobildən istifadə payını azaltmaqla piyadayönümlü mobilliyə keçid iri şəhərlərin əsas prioritetlərindən birinə çevrilib. Qısa məsafələri qət etmək üçün innovativ nəqliyyat vasitələri olan elektrik skuterlər, velosipedlər, həmçinin velosiped zolaqları sıx şəhər yollarında asanlıqla hərəkət etməyə imkan verir, tıxacları və hava çirkliliyini azaldır. Bu vasitələr həm də enerjiyə qənaət etməyə, sağlamlığı yaxşılaşdırmağa və ətraf mühiti qorumağa kömək edir. Nəqliyyat məsələlərinə həsr olunan müşavirədə də bu statistik rəqəmlər açıqlandı ki, avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb. Taksi daşımalarında isə 32 faizlik enmə baş verib. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilib. Bakı şəhərində ilk dəfə olaraq mikromobillik zolaqları çəkilib və hazırda 35 kilometrlik əlaqələndirilmiş mikromobillik zolaqları var. Ay ərzində Bakı şəhərində velosiped və skuterlərlə 200 min səfər həyata keçirilir. Həyata keçiriləcək işlər nəticəsində ay ərzində bu səfərlərin sayının 2 milyon yarıma çatdırılması nəzərdə tutulub".
"Mikromobillik şəhər nəqliyyat sisteminin səmərəliliyini artırmaq və ətraf mühitə təsiri azaltmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Velosiped və elektrik skuterləri kimi fərdi mobil nəqliyyat vasitələri qısaməsafəli səfərlər üçün əlverişli alternativ təqdim edərək, avtomobil nəqliyyatına olan asılılığı azaldır, tıxacların qarşısını almağa və ekoloji təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Sözügedən Dövlət Proqramının uğurlu icrası nəticəsində bu sahədə problemlər həllini tapacaq. Azərbaycan hər bir sahədə yeniliyin tətbiq olunmasında maraqlıdır və bunu davamlı addımları ilə təsdiqləyir", - parlamentari fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Seçilən
4
oxu.az

1Mənbələr