AZ

Sıravi heyət hazırlığı üzrə yekun imtahanlar DDLA-da təşkil olunub - Fotolar

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq, fevralın 5-dən etibarən gəmilərin sıravi heyət hazırlığı üzrə yekun imtahanların keçirilməsinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, imtahanlar Agentliyin xüsusi proqram təminatı vasitəsilə kompüter test imtahanı formatında təşkil olunub.

Namizədlər imtahandan keçmək üçün 75 dəqiqə ərzində təqdim olunan 50 sualdan ən azı 30-nu cavablandırmalı olublar. İmtahan sualları asan, orta və çətin ağırlıq dərəcələrində olmaqla bir neçə variantda namizədlərə təqdim edilib. Proses heç bir insan faktoru olmadan proqram təminatı tərəfindən təsadüfi seçilmiş suallar əsasında həyata keçirilir. Hazırlıq kurslarının müdavimlərinin rahatlığının təmin edilməsi məqsədilə bütün ixtisaslar üzrə imtahan sualları və doğru cavablar əvvəlcədən Agentliyin veb-saytında yerləşdirilib.

Qeyd edək ki, Agentliyin inzibati binasında müasir tələblərə cavab verən kompüterlərlə və zəruri texniki avadanlıqlarla, o cümlədən fasiləsiz elektrik enerjisini təmin edən qurğularla təchiz olunmuş imtahan zalı istifadəyə verilib. Zalda eyni vaxtda 41 nəfərin imtahan prosesində iştirak etməsi mümkündür. Bu da öz növbəsində hazırlıqları başa vurmuş müdavimlərin beynəlxalq və milli qanunvericiliyin tələblərinə uyğun zəruri sənədləri əldə edərək əmək fəaliyyətinə başlamalarına ən qısa zamanda şərait yaradır.

Xatırladaq ki, gəmilərin sıravi heyət mütəxəssislərinin hazırlığı üzrə biliklərin yekun qiymətləndirilməsi “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın I/8-ci qaydasına əsasən “Dənizçilərin biliyinin qiymətləndirilməsi” haqqında keyfiyyətin idarə olunması sisteminə uyğun aparılacaq.

Dənizçilərin biliklərinin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeniliklər imtahanların daha şəffaf və keyfiyyətli şəkildə keçirilməsinə, həmçinin əmək bazarının tələblərinə uyğun daha yüksək bilik və bacarığa malik olan dənizçilərin hazırlanmasına imkan yaradacaq.

Bununla yanaşı, dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin davamı olaraq xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi üzrə imtahanların cari ilin 1 mart tarixindən Agentlikdə təşkil olunmasına başlanılacaq.



Seçilən
1
5
qafqazinfo.az

6Mənbələr