AZ

Trampın təhdidlərindən sonra Qrenlandiyada yeni qanun qəbul edildi

Qrenlandiya parlamenti, ABŞ-nin keçmiş prezidenti Donald Trampın yarı muxtar bölgənin nəzarətini ələ keçirməklə bağlı təhdidlərindən sonra xarici siyasi ianələri qadağan edən qanun qəbul edib.

Valyuta.Az "Euronews"a istinadən xəbər ki, "Qrenlandiyanın siyasi bütövlüyünü" qorumaq məqsədi daşıyan yeni qanun dünən təsdiqlənərək qüvvəyə minib.

Təşəbbüs layihəsində qeyd olunur ki, bu qanunvericilik "Qrenlandiyadakı geosiyasi maraqlar və müttəfiq böyük bir gücün nümayəndələrinin Qrenlandiyanı ələ keçirmək və nəzarət altına almaq istəyini ifadə etdiyi hazırkı şəraitdə nəzərdən keçirilməlidir".

Yeni tədbir yerli siyasi ianələrə də məhdudiyyətlər gətirir. Belə ki, tək bir partiyaya edilən xüsusi ianələrin ümumi məbləği 200 min Danimarka kronunu (17 170 avro) keçə bilməz. Fərdi şəxslər isə 20 min kron (1 717 avro) həddini aşan ianələr verə bilməyəcək.

Qrenlandiya parlamentində yüksək vəzifəli hüquqşünas Kent Fridberq bu qanunu "əsasən preventiv tədbir" kimi xarakterizə edib.

Tramp, Şimal Qütbündəki strateji mövqeyinə görə milli təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıdığını iddia etdiyi Qrenlandiyanın nəzarətini ələ keçirmək istəyini dəfələrlə dilə gətirib.

Ötən ay vəzifəyə başlamazdan əvvəl çıxış edən ABŞ prezidenti, bu məqsədə güc tətbiq edərək çatmağı da istisna etmədiyini bildirib.

Qrenlandiyanın baş naziri Mute Eqede, Danimarka Krallığının bir hissəsi olan, lakin yüksək muxtariyyətə sahib Qrenlandiyanın satılmadığını vurğulayaraq Trampın bu istiqamətdəki məqsədlərini rədd edib.

Qrenlandiyanın 57 min sakininin əksəriyyəti də eyni fikirdədir. Keçən ay keçirilən sorğunun nəticələrinə görə, sakinlərin 85 faizi adalarının ABŞ-nin bir hissəsinə çevrilməsini istəmir. Yalnız 6 faiz bu ideyanı dəstəklədiyini bildirərkən, 9 faiz isə tərəddüd etdiyini qeyd edib.

Qrenlandiya parlamenti xarici təhdidlərin qarşısını almaq üçün başqa addımlar da atıb. Bazar ertəsi günü siyasətçilər, Qrenlandiyada ən azı iki il yaşamayan xarici vətəndaşların torpaq almasını məhdudlaşdırmaq məqsədi daşıyan qaydaları təsdiqləyiblər.

Bölgədə 11 martda seçkilər keçiriləcək. Eqede, "Ölkəmizdə daha əvvəl heç yaşamadığımız bir dövrdə" birliyə çağırış edib.

Rəhim

Seçilən
15
valyuta.az

1Mənbələr