![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/rusum.webp)
Yeni yaradılan rüsumlar "Azərişıq", "Azərenerji", "Azəristiliktəhcizat", "Azəriqaz" və SOCAR kimi dövlət şirkətlərinin inhisarçılığına son qoyulacağından xəbər verir
Prezident İlham Əliyevin "Dövlər rüsumu" haqqında qanuna dəyişiklikləri təsdiqləməsi ilə ölkədə yeni rüsumlar yaranib. Qanuna edilən dəyişikliklərlə tanış olduqda çox maraqlı məqamlar üzə çıxır.
Məsələn, rüsumsuz ticarət mağazasının yaradılmasına icazə verilməsi üçün 100 manat dövlət rüsumu tələb edilir. Bu o deməkdir ki, ölkəmizdə indiyə qədər mövcud olmayan rüsumsuz ticarət mağazaları fəaliyyət göstərəcək. Yəni bu tip mağazalarda satılan mallar dövlət rüsumundan azad ediləcək. Bunun nəticəsində isə həmin mağazalarda satılan mallar digər mağazalarla müqayisədə daha ucuz olacaq. Lakin hələlik belə mağazaların açılması üçun tam hüquqi prosedurlar formalaşmayıb. Yəqin ki, yaxın günlərdə digər qanunlara da dəyişikliklər nəticəsində belə mağazalarını açılışı mümkun olacaq.
Qanunun başqa bir bəndində su və digər alternativ mənbələr hesabına elektrik və istilik enerjisinin istehsalına icazənin qiymətinin 150 manat olduğunu oxuyuruq. İndiyə qədər özəl sektor tərəfindən alternativ mənbələrdən elektrik enerjisinin istehsalını tənzimləyən heç bir qanun yox idi. Bu işlə məşğul olan vətəndaşlarımız fəaliyyətini heç cür hüquqi çərçivəyə sala bilmirdi. Hazırda isə bununla bağlı bir sıra qanunlara artıq dəyişikliklər edilib, hüquqi baza yaradılıb. Qanuna edilən dəyişiklik isə artıq bu işlə məşğul olan sahibkarlar üçun rüsumu müəyyənləşdirib - 150 manat.
Eyni zamanda, yeni yaradılan elektrik enerjisinin ötürülməsi, paylanması, idxalı və ixracı üçün icazənin alınmasına 150 manat rüsumun qoyulması ondan xəbər verir ki, artiq bu sahədə "Azərenerji" ASC-nin inhisarçı mövqeinə son qoyulacaq. Bu işlə həm də özəl sektorun nümayəndələri - sahibkarlar məşğul ila biləcək.
Yeni yaradılan digər rüsumlar da uyğun olaraq "Azərişıq" ASC-nin, "Azəriqaz" İB-nın, SOCAR-ın müvafiq bazar seqmentlərindəki inhisarçılığına son qoyulacağından xəbər verir.
Belə ki, özəl sektor nümayəndələri qaz paylayıcı şəbəkələri idarə etmək, qaz və neft hasilatı və emalı ilə məşğul ola biləcək.
Sənaye parkı, texnologiyalar parkı və texnoloji biznes inkubatoru isə zatən Azərbaycanda yeni yaranmış sahələrdir. Bu məsələləri tənzimləyən dövlət rüsumlarına ehtiyac var idi.
Hesab edirik ki, Azərbaycan hökumətinin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. Çünki bu tendensiya müvafiq bazar seqmentlərində rəqabət mühiti formalaşdıracaq. Bu isə həm xidmətin keyfiyyətinin yüksəlməsinə, həm də büdcə yükünün azalmasına öz töhfəsini verəcək.
Akif NƏSİRLİ