“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesablı qələbəyə sevindikləri səfər oyunundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu turnirə necə kökləndiyimizi siz də bilirsiniz. Kubok bizim üçün stimuldur, bu turniri ümid yeri kimi görürük. Qarşımıza məqsəd qoymuşuq. Çətin səfərdə qələbə qazanmaq yaxşıdır. Amma bu o demək deyil ki, sondur. Böyük hesabla qalib gələ bilərdik. Lakin biz də rəqibə epizodlar verdik. Əsas odur ki, bu oyun bizə nəticə olaraq digər matça hazırlaşmaq üçün motivasiya oldu, ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun əhəmiyyətini anlayırlar. Çempionat matçına hazırlaşacağıq.
Bura gələndən seriya əldə edə bilmirdik. Komanda şəklində özümüzü tapa bilmirdik. İndi ideal durumda olduğumu deyə bilmərəm. Sadəcə, çıxış yolları axtarmağa çalışırıq. Hazırda ən vacib məqam oyun içində intizamı qorumaqdır. Bunlar da rəqibə epizod verməmək, sıx oynamaq, müdafiədə bir-birini sığortalayaraq oynamaqdır. Bunun ən yaxşı nümunəsi “Sabah” və “Şamaxı”ya qarşı görüşlərimizdir. “Kəpəz”lə matçı da ora daxil etmək mümkündür”.
Samir Abasov Premyer Liqada komanda sayı artırılması, legioner limitinin ləğv edilməsi kimi qərarlara şərh vermək istəmədiyini bildirib:
“Bu haqda danışılmayanda mən danışmışdım. Hətta o vaxt jurnalistlər yazırdılar ki, Samir Abasov belə sözlər dedi. Sanki mən Azərbaycan futbolunun müqəddəratını həll edən adam idim. İndi isə belə qərar çıxdı. İnanın ki, bu söhbətlərə girmək, fikirləşmək istəmirəm. O qədər işimiz var ki… Kubok görüşləri, çempionat oyunları… Bu qərarların yaxşı-pis tərəfini fikirləşməmişəm, fikirləşməyəcəyəm də. Hansı qərar çıxacaq, ona uyğun hərəkət edəcəyik”.
“Bu qərarlarla hər şey daha yaxşı olacaq”
“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Maraqlı oyun oldu. Yeni futbolçuları meydanda görmək şansımız da var idi. Məncə, pis təsir bağışlamadılar. Elə komandayıq ki, qollar vurmalıyıq, epizodlarımız var. Sadəcə, onları reallaşdırmaqda problemlərimiz yaranır. Hər hissədə 3-4 epizodumuz oldu ki, şans bizim tərəfdə deyildi. Xeyirlisi. Hər şey irəlidədir”.
Azər Bağırov da AFFA İntizam Komitəsinin son qərarlarına münasibət bildirib:
“AFFA-nın qərarları ilkin anda hardasa ictimaiyyətdə bir az qıcıq və anlaşılmazlıq yaradırdı. Amma məncə, daha yaxşı olacaq. Komanda sayı artacaq. Oynaya biləcək futbolçular meydanda olacaqlar. Komandaların hamısı 11 legionerlə oynamayacaq. Yerliləri də görəcəyik. Onların meydanda olması üçün AFFA tərəfdən ödəniş də verilməlidir. Yaxşı olacaq ki, pis olmayacaq. Komanda sayı artsa, daha yaxşı liqa görəcəyik”.