AZ

Rəşad Sadıqovun zərgərliyi

2025-ci il soyuq nəfəsiylə «Zirə»yə istilik gətirib.

Yeni il oyun və nəticə sarıdan onlara uğur gətirib.

Biz daha «Rəşad Sadıqov, deyəsən, istədiyi komandanı yavaş-yavaş qurur» və ya «o, beynində tutduğu oyun modelini tədricən tətbiq etməyə başlayır» ifadələrinə üz tutmayacağıq.

Bütün təxmin və fərziyyələr, şübhələr artıq arxada qalıb.

«Zirə» qış fasiləsində heç bir transfer əməliyyatı həyata keçirməyib. Amma komanda 2025-ci ilin gəlişiylə yenilənib sanki.

Başqalaşıb, möhkəmlənib və gücləniblər.

Ard-arda sıralanan qələbə seriyasına «Qarabağ»ın da adının əlavə olunması «Zirə»nin yüksəlişinin sübutudur.

Rəşad Sadıqov futbolçularına hədsiz güvən verib.

«Qarabağ» Yunanıstan səfərindən nə qədər yorğun və üzgün dönsə də, onu məğlub etmək hər oğulun işi deyil. Özü də ilk hissədən sonra hesabda 0:2 geridəykən.

Hər iki yarını möhtəşəm keçirdilər. Fasiləyədək qaçırdıqları fürsətləri axır 45 dəqiqədə sapa düzdülər, muncuq kimi 3 xal qazandılar.

Neçə gündür hamı Salifu Sumadan, vurduğu 2 qoldan danışır, amma bu, medalın yalnız bir üzüdür.

«Zirə»nin həmin gün meydana çıxan bütün futbolçuları qalibiyyət üçün canlarını fəda etdi, möhtəşəm performans göstərdi, yekunda da ortaya bu tablo çıxdı.

Bir daha təsdiq elədilər ki, «Zirə»nin «diş»i hamıya batır. İstənilən oyunu istənilən cür oynaya bilirlər, bu da bir özəllikdir.

Rəşad Sadıqov taktika lövhəsində çox həmkarına «ustad dərsi» verir. «Qarabağ»la qarşılaşma da onun futbol fəlsəfəsini necə inkişaf etdirdiyini, durmadan çalışdığını isbatladı.

Rəqiblərdən asılı olaraq fərqli modellər seçən Sadıqov «Qarabağ»a təklif etdiyi taktikayla onları hazırlıqsız yaxaladı.

Sumanı hücumun mərkəzinə, Rafael Utziki bir qədər arxaya çəkməklə. Davit Volkovu yalnız rəqib müdafiəsi yorulub əldən düşəndən sonra meydana buraxmaqla.

Zərgər dəqiqliyi ilə etdiyi əvəzləmələrlə oyuna toxunuşlarını tabloya daşıdı.

MUSA

Seçilən
3
sportinfo.az

1Mənbələr