"Avropa Komissiyasının sədri Ursula fon der Leyenin nasist kökləri var".
HİT.az xəbər verir ki, bu iddia ilə keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter çıxış edib. O, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
"Nasist kökləriniz görünür, Ursula!", deyə Ritter Ukraynanın itkilərini və fon der Leyenin Avropa İttifaqının Kiyevə silah tədarükünü davam etdirməsi ilə bağlı bəyanatını şərh edərkən qeyd edib.
Həmin ərəfədə fon der Leyen Avropa İttifaqını Rusiya Federasiyasının dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün yaradıcı şəkildə istifadə etməyə çağırıb. Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin Rusiya aktivlərinin dondurulmasını uzatması çox vacibdir. Fon der Leyenin fikrincə, Aİ Kremlə nümayiş etdirməlidir ki, Ukrayna münaqişəsi nə qədər uzun davam edərsə, Rusiya üçün qiymət bir o qədər baha olacaq.
Yanvarın sonunda ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalına müsahibəsində bildirib ki, Ağ Ev rəhbəri Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya silah tədarükünə icazə verir. Kelloq əlavə edib ki, Ukraynanın silahlanması həm Kiyevə, həm də ABŞ müdafiə sənayesinə faydalı olacaq sülhə nail olmağın vacib hissəsidir.
Bu arada, Avropa İttifaqı ölkələrinin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin icmanın xarici siyasətinə rəhbərliyi öz üzərinə götürmək cəhdlərindən yorulduğu iddia edilib. Bu barədə “Politico” Aİ diplomatları arasında olan mənbələrə istinadən xəbər verir.
Onların məlumatına görə, Avropa İttifaqının rəhbəri Ursula fon der Leyen İordaniya ilə tərəfdaşlıq sazişi bağlamaq və krallığa 3 milyard avro maliyyə dəstəyi ayırmaq barədə qərar qəbul edərkən Aİ ölkələrinin hakimiyyət orqanları ilə məsləhətləşməyib. Onlara fait accompli təqdim olunub.
Diplomatlar qeyd ediblər ki, fon der Leyenin dünya liderləri ilə münasibətləri yaxşılaşdırmaq istəyi ilə əsaslandıraraq tərəfdaşlarla koordinasiya etmədən qərarlar qəbul etməsi ilk dəfə deyil.
Nəşrin mənbələri hesab edir ki, Ursula fon der Leyen Aİ-nin xarici siyasətinə nəzarəti qismən ələ keçirmək üçün bütün imkanlardan istifadə edir, baxmayaraq ki, bu, Aİ Şurasının səlahiyyətində olmalıdır.
Samir