AZ

“İndi hansı futbolçu məşqdən sonra əlavə 1-2 saat məşq edir?” – Səməd Qurbanov uğurun formulunu tapıb

AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında 2025/26 mövsümündən etibarən legioner limitinin ləğvinə qərar verildi. Nəticədə futbol ictimaiyyəti ikiyə parçalandı: qərarı dəstəkləyənlər bunun futbolçularımızın həm millidəki karyerasına, həm də uğurlu legioner həyatı yaşamaq şansına müsbət təsir edəcəyini dedi, dəstəkləməyənlər onsuz da bərbad olan durumun bir qədər də pisləşəcəyini iddia etdi.

Məlum olduğu kimi, qərarı birmənalı dəstəkləyənlər sırasında AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov da var. Bəs, o, necə düşünür? Limitin ləğvi əsas yığmamıza müsbət təsir göstərəcəkmi? Futbolçularımızı legioner həyatı yaşamağa sövq edəcəkmi? Belədə yerli oyunçuların gələcək taleyi sual altına düşmürmü?

Səməd bəyi dinləyək:

“Biz məlum qərarları futbolumuzun inkişafına səbəb olacağını düşündüyümüz üçün vermişik. Təbii ki, həm millimizin daha uğurlu olmasını istəyirik, həm də futbolçularımızın başqa ölkələrdə Azərbaycanı layiqincə təmsil etməsini. Onsuz da son illərdə xeyli futbolçu legioner həyatı yaşamağa başladı. Axırda əksəriyyəti ölkəyə qayıtdı. Ona görə ki, fiziki durumları qənaətbəxş deyil. Başqa ölkələrdə mövqe tutmaqda çətinlik çəkirlər. Həmin klublarda verilən tapşırıqları yerinə yetirə bilmirlər. Belədə, təbii ki, qayıtmalı olurlar. Dözümləri yoxdu. Bizim vaxtımızda komanda yoldaşımız 5 metr qaçırdısa, biz 10 metr qaçmağa çalışırdıq ki, sabah azarkeşlərimizin önündə biabır olmayaq. Rəqabət var idi. İndi hansı futbolçu məşqdən sonra əlavə 1-2 saat məşq edir? Vaxt bitən kimi hər kəs evinə-eşiyinə yola düşür. Mənə elə gəlir ki, hər şey istəkdən asılıdı. Güclü olmalıdılar. Kiçik yaşlardan futbolçu olmaq məqsədilə yola çıxmalıdılar. Yalnız futbolu düşünməlidilər. Dost, telefon, zərərli vərdişlər... Belə hallardan uzaq olmalıdılar. Əziyyət çəkməlidilər. Belədə inkişaf strategiyamız və verdiyimiz qərarlar faydalı ola bilər”.

KƏNAN BAHADIR
Seçilən
52
football-plus.az

1Mənbələr