Şakir Ağayev: “Görünür, həmin qüvvələr USAİD-in daha çox ifşa olunmasında maraqlıdırlar”
USAİD-lə bağlı aparılan araşdırmalar nəticəsində bir sıra ilginc məsələlər üzə çıxıb. USAİD-ə ayrılan vəsaitlərin aidiyyəti üzrə deyil, müxtəlif çirkin məqsədlərin həyata keçirilməsi üçün xərcləndiyi bildirilir. ABŞ prezidenti Donald Tramp bildirib ki, USAİD pulları lazım olmayan istiqamətlərə xərcləyib.
Burada maraqlı məqamlardan biri ondan ibarətdir ki, USAİD-lə bağlı bu məlumatı “Evronews” televiziyası çox geniş reklam edir. Eyni zamanda dünya mediası buna xüsusi diqqət ayırır. Səbəb nədir ki, “Evronews” USAİD-in ifasına bu qədər maraq göstərir?
“Fikrimcə, “Evronews” USAİD-in çirkli maliyyə maxinasiyaları barədə daha məlumatlıdır”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələnin, “Evronews”un və digər beynəlxalq media qurumlarının bu məsələni reklam etməsi, yayması maraqlıdır. “USAİD-in maliyyə maxinasiyalarının ifşa edilməsi, heç şübhəsiz ki, “Evronews” da daxil olmaqla, beynəlxalq medianın diqqətini çəkməsi təbiidir. “Evronews”un ayrıca bu məsələni geniş reklam etməsinə gəlincə, bunun səbəbini Avropa Birliyinin daxilindəkilər daha yaxşı bilir. Hesab edirəm ki, USAİD-in Tramp gücləndirmək və özünə xidmət edən bir təşkilata çevirmək istəyir. USAİD-in xərclədiyi pulları ABŞ-ın maraqlarına yox, bioloji labartoriyalara və sair yerlərə yönəldiblər. Dövlət səviyyəsində görülə bilməyən işləri Pentaqon, Dövlət Departamenti USAİD-in əli ilə görüb. Fikrimcə, “Evronews” USAİD-in çirkli maliyyə maxinasiyaları barədə daha məlumatlıdır, Trampın da bu məsələdə qətiyyətli olduğunu bilir. Ola bilər ki, Tramp bu işi başladığına görə bu kanal da ona xoş gəlmək üçün onun fikirlərinə, tədbirlərinə dəstək verir. Burda bir məqam da o ola bilər ki, bəlkə də USAİD-in bağlanmasında maraqlı olan qüvvələr kanalı bu işə cəlb edir. Avropa da, ABŞ-da da USAİD-in fəaliyyətini istəməyən müəyyən qüvvələr var ki, onların maraqları ilə USAİD-in maraqları üst-üstə düşmür. Görünür, həmin qüvvələr USAİD-in daha çox ifşa olunmasında maraqlıdırlar”.
Ş.Ağayev qeyd etdi ki, burada “Evronews”u maliyyələşdirən qüvvələrin də marağı ola bilər.
“Bu elə bir mövzudur ki, beynəlxalq medianın diqqətini çəkməlidir. Birincisi, itihamlar çox ciddi ittihamlardır. Təsəvvürünüzə gətirin ki, dünyanı lərzəyə gətirən, dünya iqtisadiyyatını böhran vəziyyətinə salan, dünyanın idarəetmə sistemini dəyişən COVİD-19-un yayılması birbaşa USAİD-lə əlaqələndirilir, onun işi olduğu deyilir. İndiyə qədər Demokratlar partiyasının hakimiyyəti dönəmində də, ondan əvvəl də ABŞ mediası bu məsələni həmişə Çinin üzərinə atıb və təzminat tələb edib. Təsəvvür edin ki, indi bu birbaşa USAİD-lə əlaqələndirilir. Düzdür, koronavirusun yayılmasında Çinin də adı hallanır, ancaq əsasən USAİD-in adı çəkilir. Təbii ki, son yüz ilin ən böyük pandemiyası USAİD-in adı ilə bağlanırsa onunla bağlı məsələ dünya mediasının gündəmində olacaq”.
Ş.Ağayevin bildirdiyinə görə, Azərbaycan mətbuatında da, dünya mediasında da məlumatlar yayılıb ki, Amerika Əfqanıstana daxil olandan sonra orda narkotik, heroin istehsalı 90 faizə çatıb. “Bunu artıq İlon Mask deyir ki, Əfqanıstanda USAİD heroin istehsalı və sairlə məşğul olub. ABŞ-ın yeni dövlət katibi də bildirdi ki, USAİD-ə ayrılan pulun 13 faizi ABŞ-ın milli maraqları, məqsədləri çərçivəsində sərf olunub. ABŞ-ın dövlət katibinin fikrindən belə çıxır ki, bu vəsaitin 90 faizə qədəri başqa məqsədlərə sərf olunub. Təbii ki, USAİD haqqında kompromat materialların tirajlanması dünya mediasının marağındadır. Ümid edək ki, ABŞ-ın yeni rəhbərliyi və bu işdə birbaşa fəal rol oynayan İlon Mask bu cinayətlərin başqa tərəflərini də ortaya qoyacaq” - deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA