AZ

Dünya üzrə istifadə olunmayan neft nə qədərdir?

Dünyada hazırda istifadə olunmayan neft hasilatı gücləri gündəlik 10-25 milyon barrel həcmində qiymətləndirilir.

Valyuta.Az xəbər verir ki, bu barədə Avropa brokeri "Mind Money"nin analitik mərkəzinin rəhbəri İqor İsayev "Rusiya İnformasiya Teleqraf Agentliyi"nə açıqlamasında bildirib.  

İsayevin fikrincə, qlobal enerji bazarı hazırda təklifin tələbi üstələdiyi disbalans vəziyyətindədir.

"Mövcud hesablamalara görə, bu gün neft hasilatında istifadə olunmayan istehsal gücü gündəlik 10-25 milyon barrel təşkil edir", – deyə o qeyd edib.  

Ekspertin sözlərinə görə, bunun əsas səbəbi texnoloji inqilabla bağlıdır. Belə ki, inkişaf etmiş ölkələr neft və qazdan asılılığı azaltmağa çalışır, eyni zamanda alternativ enerji mənbələrini – məsələn, günəş və külək enerjisini – inkişaf etdirirlər. "Hələlik neft təkcə vacib enerji resursu deyil, həm də növbəti 10-15 il ərzində qlobal bazarları tarazlaşdıran əsas maliyyə aləti olaraq qalacaq. Lakin onun əhəmiyyəti tədricən azalır", – deyə İsayev əlavə edib.  

Ekspertin proqnozuna görə, bu proseslər fonunda neftin qiyməti 70-75 dollar/barelə qədər enə bilər. Bununla yanaşı, hasilatın maya dəyəri regiondan asılı olaraq 15-50 dollar/barel arasında dəyişəcək. Uzunmüddətli perspektivdə neftin qiyməti sabit qalacaq, lakin onun artım tempi inflyasiya səviyyəsindən aşağı olacaq. "Əlbəttə ki, belə qiymət Rusiya neft şirkətlərinin gəlirliliyini azaldacaq. Lakin bu, yeganə çağırış deyil – ABŞ və digər tədarükçülərin artan rəqabəti də əlavə problemlər yaradır", – deyə o vurğulayıb.  

"Bundan əlavə, alternativ enerjinin ənənəvi mənbələrin əvəzedicisi kimi inkişafının ya çox baha başa gəldiyi, ya da ümumiyyətlə mümkün olmadığı regionlardan neftə tələbat davam edəcək", – deyə ekspert yekunlaşdırıb.  

Rəhim

Seçilən
48
valyuta.az

1Mənbələr