AZ

Karyerasını “Qarabağ”da davam etdirəcək - Bu da bəyənilməyən braziliyalı!

Birvaxtlar “Qarabağ” azarkeşlərinin sevimlisi olmuş Kadi Borges karyerasını Azərbaycanda davam etdirəcək.

Braziliyalı yarımmüdafiəçi köhnə-yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

Məlum transferdən sonra azarkeşlər iki cəbhəyə bölünüb. Kadinin dönüşünü alqışlayanlar da var, “sambaçı”nın əvvəlki formasından uzaq düşdüyünü və “Qarabağ”a əvvəlki qədər fayda verməyəcəyini iddia edənlər də.

Odur ki, 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında “Krasnodar”a satılan səbəbkarın Azərbaycandan gedəndən sonrakı statistik göstəricilərinə nəzər salaq.

Kadi 2 il əvvəl Krasnodarın eyniadlı təmsilçisi ilə müqavilə bağlayanda Rusiya Premyer Liqasının ilk yarısı başa çatmışdı. Komandaya mövsümün ortasında qoşulan braziliyalı mart-aprel aralığında 7 oyunda meydana çıxıb (6-sı əsas heyətdə olmaqla) 3 qol və 1 məhsuldar ötürmə ilə alqışları haqq edib. Ölkə kubokunda 3-ü əsas heyətdə olmaqla forma geyindiyi 4 qarşılaşmada məhsuldarlıq göstəricisi 0 olub.

“Krasnodar”ın əsas heyətində yerini təmin etdiyi anda ağır zədə alan Borges 3 ay yaşıl meydanlardan uzaq qalıb.

Növbəti mövsüm – 2023/24 “futbol ili”ndə “20 nömrə”yə böyük ümidlər bəslənirdi. O, mövsüm ərzində Premyer Liqada 15-i əsas heyətdə olmaqla ümumilikdə 26 görüşdə forma şansı qazanıb - 2 qol vurub, 2 dəfə assist müəllifi olub. Rusiya kubokunda 2-si start “11-liy”ində olmaqla meydana çıxdığı 7 oyunda məhsuldarlıq göstəricisi 2 qol və 1 assistə bərabərdir.

“Krasnodar” onu “Qarabağ”dakı çıxışlarına görə bəyənmişdi deyə, Kadini qəhrəman gözündə görürdülər. Lakin tam istədiklərini ala bilməyincə, 2024-ün yayında “Ferentsvaroş”a satmağa qərar verdilər.

Ötən ilin avqust-dekabr aralığında Macarıstan təmsilçisində yerli çempionatda 10-u əsas heyətdə olmaqla 13 dəfə meydanda görünən Kadi, 2 qol və 3 məhsuldar ötürməyə imzasını yazdırıbsa, ölkə kubokunda oynadığı 1 matçda heç nə ilə yadda qalmayıb.

Cari avrokubok mövsümündə Çempionlar Liqasında 3 qarşılaşmanın heç birində adını tabloya yazdıra bilməyib. Avropa Liqasında 10 oyunda 1 qol və 4 assistlə “Ferentsvaroş”a xeyir verməyə çalışıb.

Statistikadan da göründüyü kimi, Borgesin son 2 ildəki göstəriciləri bərbad deyil. Hə, “Qarabağ”dakı qədər uğurlu ola bilməyib. Təbii, burada uyğunlaşma, komandanın oyun modeli, çalışdığı baş məşqçi ilə kommunikasiya kimi amillər rol oynaya bilər.

Bir yarımmüdafiəçi iki fərqli ölkənin tanınmış komandalarının heyətində üst-üstə 70 oyunda 10 qol və 11 assistlə yadda qalıbsa, ona “əvvəlki Kadi deyil” deyib qınamaq olarmı?

Maraq üçün bildirək ki, braziliyalı 2021-2022-ci illərdə “Qarabağ” formasında vurduğu 28 qolun 16-sına Azərbaycan Premyer Liqasında, 3-nə Azərbaycan kubokunda imza atmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr