AZ

Sərhədlər bağlıdır bu qədər terrorçu tutulur, açıq olsa nə baş verər?- Birgə DİN və DTX əməliyyatının hədəfləri...

Image

Elşad Həsənov: "Azərbaycan bu qarışıq dünyada çox düzgün mövqe seçərək sərhədləri uzun müddət bağlı saxlayır"

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

Terrorçu qrup üzvlərindən iki nəfər zərərsizləşdirilib, qalanları isə həbs edilib.

Cəmiyyətdə bir çoxları ölkə sərhədlərinin bağlı qalmasını tənqid edir, sərhədlərin dərhal açılmasını istəyir. Düzdür, sərhədlər 2020-ci ildə pandemiya səbəbi ilə bağlandı. Amma sərhədlərin indiyə qədər bağlı qalması artıq təhlükəsizlik səbəbindəndir. Bunu dövlət başçısı da müsahibələrinin birində dilə gətirdi.

Məsələ ilə bağlı baki-xeber.com saytına münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Elşad Həsənov dedi ki, Qusarda baş verən hadisə onu göstərir ki, Azərbaycanı istəməyən qüvvələr, o cümlədən də terror təşkilatları və radikal dini qurumlar ölkəmizdə qırışıqlıq salmaq, sabitliyi pozmaq istəyir: "Bu gün doğrudan da dünya qarışıb, hər yerdə müharibələr, qarışıqlıq, müharibəyə hazırlıq prosesi gedir. Buna səbəb isə dünyanın yenidən bölüşdürülməsi prosesinin başlanmasıdır. Ona görə beynəlxalq terror iəşkilatları Azərbaycana da əl uzatmaq istəyirlər. Amma bəri başdan deyim ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa qadirdir və Azərbaycan ərazisində ciddi terror hadisəsi baş verə bilməz. Çünki DTX, DİN və digər aidiyyəti orqanlar ayıq-sayıqdırlar, respublikanın təhlükəsizliyini göz bəbəyi kimi qoruyurlar.

Sözügedən qruplaşmada Qədir Hacıyev xüsusu "maraq" doğurur. Çunki o, "Meşə qardaşları"nın üzvü olub, məhkumluq həyatı yaşayıb və cəzasını bitirdikdən sonra da öz əməllərindən əl çəkməyib və başına yığdığı dəstə ilə birlikdə dövlətə qarşı cinayət hadisəsi törətmək istəyib.

"Meşə qardaşları" 2007-ci ilin sentyabrında Rəbbani Xəlilov tərəfindən Dağıstanda yaradılıb. Ona görə bunlara "Dərbənd camaatı" da deyirlər. Bunlar əvvəllər Suriyadakı döyüşlərdə iştirak edib və beynəlxalq terror təşkilatının üzvü olublar. Azərbaycana qayıtdıqdan sonra isə burada "Meşə qardaşları" təşkilatı yaratmışlar və Qədir Hacıyev də bu təşkilatda təmsil olunub. 2009-cu ildə ölkəmizdə "Meşə qardaşları"nın 28 nəfər üzvü həbs edildi və layiqli cəzalarını aldılar. Onlardan cəzasını çəkərək azadlığa çıxan Qədir Hacıyev yenidən belə işlərə əl qoyub.

Onu da bildirim ki, "Meşə qardaşları"nın yaradıcısı Rəbbani Xəlilov tezliklə öldürüldü və onun yerinə Əmir Əbdül Məcid keçib. O, çeçen müharibəsində mücahid kimi iştirak edirdi və 2008-ci ilin sentyabrında öldürüldü. Ondan sonra "Meşə qardaşları"na İsrafil Bərizanov rəhbərlik etdi. O isə 2011-ci ildə öldürüldü. Bundan sonra "Dərband camaatı" təşkilatı 2014-cü ildə dağıldı. Amma indi görünür ki, bu terror təşkilatının tör-töküntüləri hələ də qalıb və Azərbaycanda baş qaldırmaq istəyir. İndi və istintaq onların xarici əlaqələri, planları və dəstəkçilərini araşdıracaq.

Xüsusilə bir detalı vurğulamaq istəyirəm ki, Azərbaycan bu qarışıq dünyada çox düzgün mövqe seçərək sərhədləri uzun müddət bağlı saxlayır. Əgər sərhədlər açıq olsaydı, ölkəyə bu tip daha çox terror təşkilatı gələ və ölkədə qarışıqlıq sala bilərdi.

Təbii ki, sərhədlərin bağlı qalması da əbədi deyil, dünya sabitləşdikdən sonra sərhədlərimiz açılacaq. Biz anlayışla qarşılayırıq ki, sərhədlərin bağlı qalmasından əhali əziyyət çəkir. Amma onu da anlamaq lazımdır ki, dünyada kifayət qədər qüvvələr var ki, belə terrorçu dəstələr vasitəsi ilə ölkədə sabitliyi pozmaq istəyir. Bu qüvvələrin arxasında xarici ölkələrin xüsusi xidmət orqanları dayanır.

Onu da qeyd edim ki, indiki dövrdə vətəndaş sayıqlığı da önəmli rol oynaya bilər. Vətəndaşlarımız sübhəli məsələlərin şahidi olduqda dərhal müvafiq qurumlara məlumat verməlidirlər. Yəni biz hər birimiz dövləti və xalqımızı qorumaq üçün əlimizdən gələni etməliyik".

Dəniz NƏSİRLİ





Seçilən
15
baki-xeber.com

1Mənbələr