AZ

Ərdoğanla Şara razılaşdılar- terrorun üstünə birlikdə gedirik...

Image

Faiq Ələkbərli: “Məqsəd odur ki, Suriya torpaqları bütövlükdə terrorçulardan təmizlənsin, bölgədən terrorun əl-ayağı kəsilsin, bunun üçün də Türkiyə və Suriya hökumətləri ortaya ciddi iradə qoyublar”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Keçid Hökumətinin rəhbəri Əhməd əl-Şara arasında baş tutan üç saat yarımlıq görüşdə nədən danışıldığı, hansı məsələlərin müzakirə edildiyi və nələrlə bağlı razılığa gəldindiyi ciddi maraq doğurur. 

Ərdoğan bu görüşdən sonra Suriyanın terror təşkilatlarından təmizlənməsi və inkişafı üçün Türkiyənin hər cür dəstək verəcəyini bildirib. 

Ərdoğan bəyan edib ki, Suriya xalqının gələcəkdə nələrə nail olduğunu qürurla görəcəyik. “Suriya xalqı 14 ildir hər cür zülmə məruz qalıb. Hər cür qeyri-insani qırğınlara, o cümlədən kimyəvi silahdan istifadəyə məruz qalıb. Keçmiş rejimin və terror təşkilatlarının hücumları nəticəsində 1 milyona yaxın suriyalı bacı-qardaşımız, təəssüf ki, şəhid olub”. Bu fikirləri mətbuat konfransında Ərdoğan deyib. 

Suriya ilə bağlı siyasətlərinin əsasının hər zaman bu ölkənin ərazi bütövlüyü və birliyinin qorunması olduğunu vurğulayan prezident Ərdoğan Şara ilə görüşünün bu prinsip üzərində qurulmuş səmimi bir atmosferdə keçdiyini bildirib. Suriyada təhlükəsizlik və iqtisadi sabitliyin bərqərar olması üçün Şara ilə birgə atılacaq addımları qiymətləndirdiklərini ifadə edən prezident Ərdoğan  “Demək olar ki, hər bir məsələdə tam razılaşdığımızı görmək məni çox sevindirdi"- deyib.

Ankarada keçirilən görüşün təfərrüatları da üzə çıxmağa başlayıb. Şara-Ərdoğan görüşünü Anadolu Agentliyinə dəyərləndirən xarici işlər naziri Hakan Fidan bildirib ki, Əhməd əl-Şaradan gözlənti öz ölkəsindəki problemlərə sahib çıxmasıdır. Fidan Şaranın PKK məsələsində fikrinin aydın olduğunu ifadə edərək, Suriya dövlətinin öz bütövlüyü üçün PKK terrorçularını məhv edəcəyini deyib.

"Şaranın səfəri zamanı PKK/YPG-yə qarşı atılacaq addımlar müzakirə olundu. Silahlı təhdid olub-olmaması bizim üçün önəmli məsələdir. PKK/YPG məsələsində cənab Şaranın fikrinin son dərəcə aydın olduğunu gördüm. Bu aydınlıq Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyəcək səviyyədədir.

Nazir Fidanın sözlərinə görə, Suriya öz bütövlüyünü təmin etmək üçün PKK üzvlərini məhv edəcək: “PKK kadrlarında xidmət edən şəxslər qovulmalıdır. Əvvəlcə problemin barışıq yolu ilə həllinə çalışılacaq".

Ərdoğan və Şara Suriyada PKK terrorçularını birgə məhv etmək, terrora qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. 

“Ərdoğanla Şaranın görüşü və burda  əldə edilən razılaşmalar terrorla mücadilə sahəsində mühüm addım olacaq”

Siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, yeni Suriya hökumətinin formalaşmasında Türkiyə böyük rol oynayır və oynamaqda da davam edəcək: “Biz yeni Suriyanın qurulmasına ən güclü dəstək verən və əsas rol oynayan dövlət kimi Türkiyəni görürük. Demək olar ki, bir necə ay əvvələ qədər Bəşər Əsəd hökuməti vardı və o da daha çox İranyönlü və Rusiyayönümlü siyasət yürüdürdü. Müxalif qüvvələr də əsasən ABŞ yönlü idilər. Suriya milli ordusu isə Türkiyənin nəzarəti altında o torpaqlarda hökm sürürdü. İndi yeni Suriyada bir gerçəklik var. Yeni Suriya hökuməti müttəfiq olaraq ancaq Türkiyəni görür, Türkiyə ilə əməkdaşlıq edir. Suriya torpaqlarının bir qismində PKK və YPG var ki, bu terror təşkilatları ABŞ-ın dəstəyi ilə öz varlıqlarını sürdürməyə çalışırlar. 

Ərdoğanla Şaranın görüşü və burda  əldə edilən razılaşmalar terrorla mücadilə sahəsində mühüm addım olacaq. Türkiyə və Suriya  birlikdə   PKK və YPG-nin varlığına son qoymaq istiqamətində addımlar aracaqlar. Əsas məsələ Türkiyənin Suriyanın müttəfiq olmasıdır. Türkiyə və Suriya hökumətləri bir yerdə bu ölkənin ərazisini terrorçulardan təmizləyib Suriyanın ərazi bütövlüyünü təmin edəcəklər. Hazırkı Suriya rəhbərliyi Türkiyəyə arxalanır, onunla birgə hərəkət edir. Dediyim kimi, ilk növbədə Suriya torpaqları PKK, YPG separatçılarından, terrorçulardan, terror qruplaşmalarından təmizlənəcək. Bu birmənalıdır. Çünki Türkiyə Suriyaya bu istiqamətdə ciddi dəstək verir və verəcək də. Əsas məsələ budur. Əlbəttə, Suriya dövlətinin yenidən inkişafı da çox önəmlidir. Ərdoğanın görüşdən sonra videokpnfransda dediyi kimi, Türkiyə Suriyanı özünə doğma görür. Şaraya da dedi ki, bu torpaqda türk qanı ilə suriyalı qanı həmişə bir yerdə axıb. Konket olaraq Suriyada bir Türkiyə var və onun qarşısına çıxacaq hər hansı bir qüvvə yoxdur, bu gücün qarşısında ABŞ, İran və başqaları dayana bilməyəcək”.

F.Ələkbərli qeyd etdi ki, Türkiyə və Suriya terrora qarşı birgə mübarizə aparmaqla bölgədə əminamanlığa, dincliyə nail olacaq, bölgə terrordan xilas olacaq. “Məqsəd odur ki, Suriya torpaqları bütövükdə terrorçulardan təmizlənsin, bölgədən terrorun əl-ayağı kəsilsin, bunun üçün də Türkiyə və Suriya hökumətləri ortaya ciddi iradə qoyublar” - deyə F.Ələkbərli qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
15
baki-xeber.com

1Mənbələr