![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/aydin-quliyev.webp)
Trampın dünya düzəni üçün təhlükəli bəyanatlarından biri "Qəzzanı Amerikanın idarəçiliyinə verin və biz oranı yenidən quraq" deməsidir. Bu əslində Netanyahunun Qəzzanı ilhaq etmək planlarının başqa formada davamıdır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Onsuz da 1947-dən başlayaraq milyonlarla fələstinli bütün regiona səpələnib. 4 milyonu İordaniyadadır, 1.5 milyon Livandadır, Suriyada, Misirdə və başqa ölkələrdə onlar var. Yeganə toplum olaraq yaşadıqları yer Qəzza və Batı Şeriya deyilən İordan çayının qərb hissəsidir. Qəzzadan 2 milyona yaxın insanı harasa köçürüb Amerikaya vermək istəyirlər ki, Amerika oraları bərpa etsin. Əcəb iş imiş... ABŞ belə bərpa edəndirsə, niyə əvvəlcə yanğınların 160 milyard dollar ziyan vurduğu Los Ancelesi bərpa etmir?... Qəzzada bir "Amerika koloniyası" yaratmaq istəyi deyilmi bu? Qəzza neçə ilə bərpa olunacaq? Bu illərdən sonra qəzzalıları səpələndikləri qonşu dövlətlərdən kim toparlayıb yenidən Qəzzaya qaytaracaq?...
Yox, Trampla Netanyahunun son Qəzza planı "dəryada balıq sevdasıdır"...
Tahir TAĞIYEV