İtaliyanın “Fiorentina” klubunun hücumameyilli yarımmüdafiəçisi Rikkardo Sottil bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, “Milan” 25 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.
Rikkardo Sottil “Cenoa”, “Torino” və “Fiorentina” kimi klubların futbol akademiyalarından keçib. O, Florensiya klubunun əsas komandasında 138 oyun keçirib, 14 qol vurub. İtaliyalı vinger daha öncə “Peskara” və “Kalyari”də də icarədə olub. İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış futbolçuya əsas millidə debüt şansı verilməyib.
“Milan” “Montsa”nın mərkəz yarımmüdafiəçisi Varren Bondonu da heyətinə qatıb. 21 yaşlı fransalı futbolçu ilə 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Varren Bondo peşəkar karyerasına “Nansi”də başlayıb. O, “Montsa”ya 2022-ci ildən məhz “Nansi”dən keçib. Gənc yarımmüdafiəçi 2023-cü ildə “Recina”da icarədə də olub. Fransanın U-16, U-17, U-19 və U-20 yığmalarında oynamış futbolçuya əsas millidə debüt ansı yaradılmayıb.
Bondonu “Milan”a satmış “Montsa” da heyətinə yeni oyunçular cəlb edib. Sözügedən klub “Yanq Boyz”un konqolu hücumçusu Silver Qanvulanı heyətinə cəlb edib. 28 yaşlı forvard yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb. Konqo yığmasının üzvü daha öncə “Serkl Brügge”, “Boxum”, “Mexelen”, “Vesterlo”, “Anderlext”, “Elazığspor” kimi klublarda da forma geyinib.
“Montsa” bu mövsümün əvvəlində “Feralpisalo”dan icarəyə götürdüyü qapıçı Semuel Pissinyakkonun transfer hüquqlarını da alıb. 23 yaşlı italyan qolkiperlə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Mirko Mariç, Mattia Valoti, Davide Diav və Alessio Kranyo isə “Montsa”nı tərk ediblər. 33 yaşlı hücumçu Diav “Çittadella”ya, 31 yaşlı yarımmüdafiəçi Valoti “Kremoneze”yə, 30 yaşlı qapıçı Kranyo “Sampdoriya”ya keçiblər. 29 yaşlı xorvatiyalı hücumçu – Mariç isə “Venesiya”ya icarəyə verilib.