Mingəçevirdə məktəblinin qəfil ölməsi ilə bağlı bəzi detallar məlum olub.
KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki, məktəblinin ayaqqabısını bağlamaq üçün əyildikdən sonra halı pisləşib:
“3 ay əvvəl ürək əməliyyatı keçirmişdi, bir həftə əvvəl də özünü pis hiss edirdi. Dərslərini yaxşı oxuyurdu, idmanla da məşğul olurdu” , – deyə yaxınları bildirib.
Ətraflı süjetdə:
***
Fevralın 5-i saat 10:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
“Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.
***
Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusif Yaşar oğlu Yusifovun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.
KONKRET.az “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.
İlkin ehtimala əsasən, şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.