AZ

“Brayton” Mahirin komanda yoldaşı üçün 23 milyon avro ödədi!

İngiltərənin “Brayton” klubu Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Nürnberq”dən Stefanos Tsiması transfer edib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi 19 yaşlı forvarda görə “Nürnberq”ə 23 milyon avro ödəyib. Yunan hücumçu ilə uzunmüddətli müqavilə bağlamış İngiltərə klubu onu bu mövsümün sonuna kimi “Nürnberq”ə icarəyə verib. Bir sözlə, Tsimas yeni komandasına cari mövsüm bitəndən sonra, yayda qoşulacaq.

PAOK-un yetirməsi olan Stefanos Tsimas bu mövsümün əvvəlində “Nürnberq”ə keçmişdi. O, sözügedən komandanın heyətində meydana çıxdığı 17 oyunda 10 qol vurub. Yunanıstanın U-16, U-17, U-19 və U-21 yığmalarında da oynamış hücumçu Azərbaycan millisinin üzvü Mahir Emreli ilə komanda yoldaşıdır. Mahir də Tsimas kimi “Nürnberq”ə cari mövsümün əvvəlində qoşulub.

“Brayton” irlandiyalı hücumçusu Evan Ferqyusonu da “Vest Hem”ə icarəyə verib. 20 yaşlı forvard cari mövsümün sonunadək icarədə olacaq. 2022-ci ildən İrlandiya yığmasında da çıxış edən gənc hücumçu “Brayton”da 80 oyuna 17 qol vurub.

“Brayton”un sol cinah müdafiəçisi Valentin Barko da icarə əsasında “Strasburq”a keçib. Fransa klubu 20 yaşlı argentinalını bu mövsümün sonunadək icarəyə götürüb. “Boka Xuniors”un yetirməsi cari mövsümün əvvəlində “Brayton”a cəlb edilib. O, mövsümün ilk hissəsini “Sevilya”da icarədə keçirib. Gənc müdafiəçi ötən il Argentinanın əsas yığmasında debüt edib.

Valentin Barkonu heyətinə qatmış “Strasburq”da da ayrılıqlar qeydə alınıb. Sözügedən klub hücumçusu Jeremi Sebası “Bastiya”ya icarəyə verib. 21 yaşlı forvard bu mövsümün sonunadək icarədə olacaq. Mərkəz müdafiəçisi Junior Mvanqa da “Havr”a icarəyə verilib. 21 yaşlı fransalı bu mövsümün sonuna kimi icarədə çıxış edəcək. Mvanqanı heyətinə qatan “Havr” da iki futbolçusu ilə vidalaşıb. Belə ki, Liqa 1 təmsilçisi vinger Samuel Qrandsir və mərkəz müdafiəçisi Yoann Salmierlə müqavilələrinə xitam verib. 28 yaşlı Qrandsir azad agent kimi “Kan”a, 32 yaşlı Salmier isə “Klermon”a keçib.

Seçilən
68
arena.az

1Mənbələr