AZ

Düyü ölçüsündə mikrorobotlar beyin cərrahiyyəsində inqilab edə bilər

Bakı, 6 fevral, AZƏRTAC

Parisdə yerləşən “Robeaute” startapı nevroloji xəstəliklərin diaqnostikası və müalicəsində inqilabi dəyişikliklər vəd edən düyü dənəsi ölçüsündə mikrorobotlar üzərində çalışır. Şirkət bu texnologiyanın inkişaf etdirilməsi və sınaqdan keçirilməsi üçün 27,2 milyon avro vəsait toplayıb və gələn il insan üzərində klinik sınaqlara başlamağı planlaşdırır.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, mövcud beyin cərrahiyyəsi metodları, əsasən, invaziv texnikalara əsaslanır və bu, toxumalara ciddi zərər verə bilər. Bunun əksinə olaraq, “Robeaute” tərəfindən hazırlanan mikrorobotlar, cəmi 3 millimetr enində dəlik vasitəsilə beyinə daxil edilir və beyinin hüceyrələrarası maddəsi boyunca hərəkət edə bilir. Bu xüsusiyyət ənənəvi neyrocərrahi alətlərdən daha az invaziv və daha təhlükəsiz müdaxilə imkanı yaradır. Startapın həmtəsisçisi və baş direktoru Joana Kartoçi bildirib ki, mikrorobotlar real vaxt rejimində neyrocərrah tərəfindən idarə olunan və izlənilən xüsusi bir marşrut üzrə hərəkət etmək üçün hazırlanıb. Bu sistem biopsiya, dərmanların çatdırılması, elektrod yerləşdirilməsi və nevroloji məlumatların toplanması kimi müxtəlif tibbi prosedurları yerinə yetirə biləcək.

Aparılan heyvan sınaqları mikrorobotların şişlər üçün biopsiya almaqda uğurla istifadə oluna biləcəyini sübut edib. Bununla yanaşı, bu texnologiyanın nevroloji xəstəliklərin diaqnozu, müalicəsi və monitorinqi məqsədilə də tətbiq oluna biləcəyi vurğulanır. Mikrorobotlar hədəf bölgəyə dərmanların çatdırılması və elektrodların yerləşdirilməsi kimi kritik tibbi prosedurları yerinə yetirməklə fərdiləşdirilmiş, dəqiq tibb imkanlarını genişləndirəcək.

“Robeaute”nin həmtəsisçisi Bertrand Dupla bu texnologiyanın beyinə görünməmiş çıxış imkanı təmin edərək tibdə istifadə olunmamış potensiala sahib olduğunu vurğulayıb. İnsan sınaqları uğurla başa çatsa, şirkət 2030-cu ilə qədər tənzimləyici təsdiq alaraq robotik dərman çatdırılması sistemini kliniki istifadəyə təqdim etməyi planlaşdırır. Bu innovasiya beyin cərrahiyyəsində yeni bir dövrün başlanğıcı ola bilər.

Seçilən
17
azertag.az

1Mənbələr