İlon Mask USAID-in məxfi sənədlərinə giriş tələb edib
Milyarder İlon Maskın əməkdaşları onun tapşırığı ilə USAID-in gizli otağını açıblar.
Reyting.az "Bloomberg"-ə istinadla bildirir ki, İlon Maskın komandası ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyində (USAID) ən vacib və məxfi sənədlərin saxlandığı otağa giriş əldə edib.
Məlumata görə, İ. Maskın köməkçiləri və kiçik bir qrup USAİD-in Vaşinqtondakı binasına gəliblər. Milyarderin göndərdiyi həmin şəxslər agentliyin mühafizə otağına da giriş tələb ediblər və həmin otağın məxfi sənədlərin saxlanması üçün istifadə edildiyini, bu barədə məlumatlı olduqlarını bildiriblər.
İ. Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentindən bir qrup şəxsin təhlükəsiz obyektə girməyə cəhd etmələri çox da gizli qalmayıb. Bu zaman USAİD-in təhlükəsizliyi ilə bağlı ziddiyyət yaranıb və nəticədə onun komandasının üzvlərindən biri Mask ilə əlaqə saxlamalı olub. Milyarder onun komandasına giriş icazəsi verilməyəcəyi təqdirdə, birbaşa ABŞ Marşal Xidmətinə zəng edəcəyi ilə USAID-in təhlükəsizliyinə cavabdeh olan bütün heyəti hədələyib.
Bildirilir ki, bu hadisə Maskın departamenti ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi arasında gərginliyə səbəb olub. Baş verən gərginliklər 100-dən çox işçinin inzibati məzuniyyətə göndərilməsi ilə USAID-də köklü dəyişikliklər fonunda yaranmış yeni reallığın göstəricisi kimi də qəbul edilir. Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp öz prezidentliyinin elə ilk günündən xarici yardımı dondurmaqla, USAID-in əsas funksiyalarını dayandırıb.
Lakin bəzi ekspertlər, eləcə də Amerika KİV-i baş verənlərə çox mənfi yanaşıblar və İ. Maskın belə özbaşınalığını, özünə səlahiyyətlər verməsinin qəbuledilməz olduğunu bildiriblər.
Oqtay QORÇU